"Neftçi" və "Keşlə" komandalarının sabiq baş məşqçisi Tərlan Əhmədovun "Report"a müsahibəsi...
- Azərbaycanda nəticə vermisiniz. Niyə özünüzü ölkə xaricində, ən azı MDB məkanında sınamırsınız?
- Bizdə bu işi görə bilən menecerlər yoxdur. Əvvəllər klub rəhbərləri özləri baş məşqçi axtarırdılar. İndi isə menecersiz kənara çıxmaq olmur. Bu yaxınlarda Rusiya və Ukraynada olan bir neçə tanış futbol agenti ilə danışmışam. Amma pandemiyaya görə heç nə dəqiq bilinmir. Heç kim bir söz demir. Azərbaycanda məni Avropaya çıxara biləcək hansı menecer var ki? Xorvatiyalılar, serbiyalılar necə işləyirlər? Hamısının meneceri var, dünyaya səpələniblər, iş tapırlar. Bizdə isə çətindir.
- Keçmiş komandalarınızdan "Neftçi" Azərbaycan çempionu, "Keşlə" isə ölkə kubokunun qalibi oldu...
- Onları sadəcə, təbrik edə bilərəm. Deyəcəyim başqa söz yoxdur.
- Necə düşünürsünüz, bu çempionluqlar sistemli işin nəticəsidir, yoxsa təsadüfən olan bir hadisədir?
- Bilmirəm, bu barədə heç nə deyə bilmərəm. Bilirsiniz ki, mən "Neftçi"yə gələnədək komanda 4 il idi nəticə verə bilmir, 6 - 7-ci yerləri tuturdu. Mənim rəhbərliyim altında 3-cü yerə çıxdıqdan sonra hər şey öz axarı ilə getməyə başladı. Layiq idilər ki, çempion oldular. Heç kim layiq olmadığı yerə gəlib çıxa bilməz. Bunun üçün səy göstərdilər, çalışdılar, həddindən artıq güc sərf etdilər. Buna görə komandaya təbrik düşür. "Keşlə"yə gəlincə, kuboku qazanıblarsa, deməli, ağır yol qət ediblər. Heyət və sistemlə bağlı dəyişiklikləri oldu. Sənan Qurbanovla bu nəticəni veriblərsə, layiqdirlər.
- "Qarabağ"ın bu mövsüm çempion ola bilməməsini nə ilə əlaqələndirərdiniz?
- Hələ mövsümün əvvəlindən deyirdik ki, "Qarabağ"ın hücum xəttində problemlər var. Digər tərəfdən, Rəşad Sadıqovun gedişindən sonra transfer olunan Kevin Medina həmin boşluğu doldura bilmədi. Komandada liderin olmaması öz sözünü dedi. Autsayderlərlə matçlarda xallar itirildi. "Qarabağ" onda çempionluğu əldən verdi. Qış fasiləsinədək böyükhesablı qələbələr qazansalar da, komandanın oyununda eniş hiss olunurdu. "Qarabağ" demək olar ki, Filip Ozobiçdən asılı qalmışdı. O, meydanda olanda tamam başqa cür futbol oynayırdılar. Ozobiç olmayanda isə komanda sönük təsir bağışlayırdı. Xovatiyalı yarımmüdafiəçinin zədələnməsi bütün boşluqları üzə çıxardı. Uroş Matiç və Kvabena Ovusu, Medina kimi futbolçuların sistemə uyğunlaşmaması komandanı çempionluqdan etdi. Hərdən "Qarabağ"ın hegemonluğundan danışırlar. Bu, hegemonluq deyildi, sadəcə, rəqabət yox idi. Əvvəl "Bakı", "Xəzər Lənkəran", "İnter" kimi rəqiblər çox idi. Ona görə də "Qarabağ" heç cür çempion ola bilmirdi. Onlar fəaliyyətini dayandırandan sonra isə komanda ardıcıl 7 il çempion oldu. Ötən mövsümdə isə artıq "Neftçi"nin "Qarabağ"a rəqib olduğu görünürdü. Buraxılan səhvlər var idi. Gərək, məşqçilər heyəti həmin səhvləri analiz edərdi.
- Komandalardan avrokuboklarda nə gözləyirsiniz? Artıq qrup mərhələsinə öyrəşmişik. "Neftçi" qrupa düşməyi bacaracaqmı?
- Hamısına uğurlar arzu edirəm. Qabaqcadan nəsə demək çətin məsələdir. Uğur gözləyirik. Çempion olublarsa, layiqli çıxış etməlidirlər. Çalışmalıdırlar ki, heç olmasa biri qrupa düşsün.