"Çox şadam ki, İsveçrə milli komandası Bakıda oynayacaq".
Bunu "Report"a eksklüziv müsahibəsində İsveçrə Konfederasiyasının Azərbaycan və Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre futbol üzrə Avropa çempionatından gözləntiləri barədə danışarkən deyib.
Xanım səfir bildirib ki, AVRO-2020-nin A qrupunun 2 oyununu Bakıda keçirmələri İsveçrəni Azərbaycanda, Azərbaycanı isə İsveçrədə daha yaxşı tanıtmaq üçün fürsətdir və çox önəmlidir: "Ölkələr arasında qarşılıqlı əlaqələr yalnız siyasət, iqtisadiyyat, elm və mədəniyyət sahəsində münasibətlərlə məhdudlaşmır, həmçinin insanların bir-biri ilə təmasını özündə ehtiva edir. COVİD-19 pandemiyası dövründə səyahətlərin məhdudluğuna rəğmən, ümidvaram ki, İsveçrə millisinin Bakıdakı oyunları iki ölkə arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcək".
"İdman nəticələri baxımından, əlbəttə, mən İsveçrə millisini dəstəkləyir və onların uğur qazanmasını arzulayıram! İstər fərdi, istər kollektiv şəkildə idman, ədalətli oyun və hörmət dəyərlərini təbliğ edən yarış görmək arzusundayam", - deyə M.Peneveyre əlavə edib.
O, həmçinin AVRO-2020-yə hazırlıqdan razılıq ifadə edib: "Bir neçə gün öncə, aprelin 22-də AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşdüm və əmin oldum ki, belə bir mötəbər yarışa hazırlıqlar çox peşəkar səviyyədə təşkil olunur".
Qeyd edək ki, İsveçrə millisi iyunun 12-də Uelslə, iyunun 20-də isə Türkiyə ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionu iyunun 16-da Türkiyə - Uels matçına və iyulun 3-də 1/4 final qarşılaşmasına da ev sahibliyi edəcək.