"Şamaxı"nın yeni transferi: "Bolqarıstana qayıdacağımı əminliklə söyləyə bilmərəm" - MÜSAHİBƏ

"Şamaxı"nın yeni transferi: "Bolqarıstana qayıdacağımı əminliklə söyləyə bilmərəm" - MÜSAHİBƏ Müqavilə əsasında "Bolqarıstan"ın "Arda" klubuna məxsus olan, qış "transfer pəncərəsi"ndə icarə əsasında "Şamaxı"ya keçən Cəlal Hüseynov "Report"a müsahibə verib. 21 yaşlı müdafiəçi bölgə klubuna transferinin səbəblərindən danışıb. O, Azərbaycan və Bolqar
Futbol
28 Dekabr , 2024 14:43
Şamaxının yeni transferi: Bolqarıstana qayıdacağımı əminliklə söyləyə bilmərəm - MÜSAHİBƏ
Cəlal Hüseynov

Müqavilə əsasında Bolqarıstanın "Arda" klubuna məxsus olan, qış "transfer pəncərəsi"ndə icarə əsasında "Şamaxı"ya keçən Cəlal Hüseynov "Report"a müsahibə verib. 21 yaşlı müdafiəçi bölgə klubuna transferinin səbəblərindən danışıb. O, Azərbaycan və Bolqarıstan çempionatlarını müqayisə edib və milli komandanın çıxışı barədə danışıb.

- İcarə əsasında "Şamaxı"ya keçidiniz necə baş tutdu?

- 1 il 6 ay Bolqarıstanda "Arda"nın heyətində çıxış etdim. Artıq heyətdə az şans qazanmağa başlamışdım. Komandanın idman direktoru və menecerimin məsləhəti belə oldu ki, daha çox şans qazana biləcəyim kluba üz tutum və oyun praktikamı bərpa edim. Düşünürəm ki, bu addım karyeram üçün çox əhəmiyyətli olacaq. 6 aylıq icarədə çıxış edə biləcəyim komanda ilə anlaşmaq istəyirdim. Azərbaycanda bir sıra klublarla danışıqlar apardıq və yekunda "Şamaxı" ilə razılığa gəldik. İnanıram ki, bu keçid hər iki tərəf üçün xeyirli olacaq.

- Təklif "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov tərəfindən gəldi?

- Ayxan Abbasov daha əvvəldən məni komandasında görmək istəyirdi. Mən həmin vaxt "Zirə"dən ayrılaraq "Şamaxı"ya üz tutdum. Onunla birgə çalışa bilmədik. Elə alındı ki, yenə "Şamaxı"ya keçdim. Amma indi Ayxan müəllim də bu klubda işləyir. Hər iki tərəf bir-biri ilə çalışmaqda maraqlıdır.

- Daha əvvəl "Kəpəz"ə keçəcəyinizlə bağlı xəbərlər yayılmışdı. Transferin baş tutmamasına səbəb nə oldu?

- Əslində hələ yayda "Arda"dan ayrıla bilərdim. Lakin sonra düşündüm ki, qışa qədər qalım və əsas heyətdəki yerimi bərpa etmək üçün mübarizə aparım. Sonra gördüm ki, alınmır və icarə əsasında başqa komandaya keçməyə qərar verdim. "Kəpəz"ə keçməmək sırf mənim qərarım idi. Çünki həmin vaxt "Arda"da qalmağa üstünlük verdim.

- "Şamaxı"da 6 ay oynadıqdan sonra yenidən "Arda"ya qayıdacaqsınız?

- Əlbəttə, fikrim budur ki, legioner həyatımı davam etdirim. Lakin bu həyatdır və hər şey baş verə bilər. Tam əminliklə söyləyə bilmərəm ki, "Arda"ya qayıdacağam. Ancaq prioritet olaraq məqsədim oyun praktikamı bərpa etdikdən sonra Bolqarıstana qayıtmaqdır.

- Bolqarıstanı tərk edərkən "Arda" klubunun rəhbərliyi ilə danışığınız olub?

- Bolqarıstanda vəziyyət fərqlidir. Belə demək mümkündürsə, klublarda əsas söz sahibi idman direktorlarıdır. O, mənə bildirdi ki, istəmirik ehtiyat oyunçular skamiyasında oturasan, səni icarə əsasında başqa kluba göndərməyi düşünürük. Mənə "Arda" üçün vacib futbolçu, oyun praktikamı bərpa etdikdən sonra geri dönməli olduğumu söylədi. İdman direktorumuz dedi ki, səni daha yaxşı klublara satmağı düşünürük.

- Bolqarıstan və Azərbaycan çempionatlarını necə müqayisə edərdiniz?

- Bolqarıstan futbolu son illərdə bir qədər eniş dövrünü yaşayır. Lakin nə qədər eniş baş versə də, Azərbaycan çempionatından üstün olduğunu deyə bilərəm. Çünki Bolqarıstanda daha sürətli futbol gedir. Orada baş hakimlər hər xırda qayda pozuntularına görə oyunu saxlamırlar. Çalışırlar ki, daha sürətli futbol getsin. "Arda"nın çox yaxşı stadionu və bazası var. Ümumi götürsək, şərait yaxşıdır. Lakin Bolqarıstan klublarının əksəriyyətinin stadionları köhnədir. Uzun illər əvvəl inşa olunan stadionlardır. Amma Bolqarıstan çempionatında inkişaf etmək mümkündür. Orada özünü inkişaf etdirib, Avopanın başqa klublarına keçmək mümkündür.

- Misli Premyer Liqasının hazırkı vəziyyəti sizi qane edir?

- Təbii ki, istəyərdim daha yaxşı olsun. Klub sayının və rəqabətin daha çox olmasını istəyərdim. Amma konkret olaraq çempionatın səviyyəsi barədə danışa bilmərəm. Çünki gərək meydana çıxım və futbolumu oynayım. Ancaq bu barədə mayda, mövsümün sonunda nəsə söyləyə bilərəm.

- Adətən azərbaycanlı futbolçular legioner həyatı yaşamaqda çətinlik çəkirlər və bir müddət sonra ölkəyə qayıdırlar. Siz necə, Avropada oynamağı üstün tutursunuz?

- Peşəkar futbolçu karyerama start verəndə, Azərbaycana gələn legionerləri görürdüm. Daha sonra qərar verdim ki, mən də legioner həyatı yaşayacağam. Demək olar ki, istəyimə nail odum. 1 il 6 ay ərzində çox təcrübə qazandım. Son 6 ayı nəzərə almasaq, yaxşı oyunlarım olub. Məni "Arda" klubundan soruşsanız, haqqımda xoş fikirlər söyləyəcəklər. Ona görə də Avropaya qayıtmağı düşünürəm. "Arda"da və ya başqa xarici klubda top qovmaq istəyirəm. Lakin bu, o qədər də asan deyil. Buna hərtərəfli hazır olmalısan. Təbii ki, legioner həyatı yaşamağın çətin tərəfləri var. Dostlarından, ailəndən uzaq olursan və tək qalırsan. Üstəlik, legioner olduğun üçün klub səndən çox şey gözləyir. Bu səbəbdən 1 il 6 ay mənə çox şey öyrətdi. İnşallah, mən "Şamaxı"ya, "Şamaxı" da mənə kömək göstərəcək. Formamı bərpa etdikdən sonra Avropaya qayıdacağam. Məncə, azərbaycanlı futbolçuların əlinə fürsət düşərsə, legioner həyatı yaşamalıdırlar.

- Bolqarıstanda kollektivə uyğunlaşmaq çətin olmadı?

- İngilis və rus dillərində səlist danışa bilirəm. Bolqar dili rus dili ilə oxşardır. Bu səbəbdən ünsiyyət qurmaq asan oldu. Hətta 6 aydan sonra bolqar dilində danışmağa başladım. Rəhbərlik və komanda yoldaşlarımla aram çox yaxşı idi.

- Legioner futbolçu olaraq Azərbaycanın əsas millisinə dəvət almamağınızı necə qarşılayırsınız?

- Millinin aşağı yaş qruplarından ibarət komandalarında və U-21-də çıxış etmişəm. Klubumda əsas heyətdə yer aldığım dövlərdə yığmaya dəvət alırdım. Əsas heyətə düşə bilmirsənsə, milliyə dəvət almamaq normaldır. Onu deyim ki, yığmaya dəvət almamağım mənə əlavə motivasiya verir. Deməli, öz üzərimdə daha çox işləməliyəm və o formanı haqq etməliyəm. Azərbaycan millisinin əsas heyətində yer almaq başlıca hədəflərimdən biridir.

- Bu il Azərbaycan millisinə Fernandu Santuş baş məşqçi təyin olundu və onun rəhbərliyi altında UEFA Millətlər Liqasında 6 görüş keçirildi. Yığmanın 6 oyuna cəmi 1 xal toplayaraq D Liqasına yuvarlanması barədə nə deyə bilərsiniz?

- Bu nəticə hər bir azərbaycanlı kimi, mənə də xoş olmadı. Nə vaxtsa mən də milli üzvü olmuşam və məğlubiyyət görmüşəm. Futbolda bu cür nəticələr olur. Bəzən qələbə qazanmalı olduğun görüşdə uduzursan. Millinin də belə görüşləri oldu. Düşünürəm ki, Fernandu Santuşa vaxt verilməlidir. O, yığmaya daha yaxşı uyğunlaşa bilər.

Son xəbərlər

Orphus sistemi