Sabir Buqrin: "Hamı "Qarabağ"ın seriyasına son qoymaq üçün motivasiyalı idi"

Sabir Buqrin: "Hamı "Qarabağ"ın seriyasına son qoymaq üçün motivasiyalı idi" "Bəzi Belçika təmsilçiləri bizimlə əlaqə saxlayıb"
Futbol
22 May , 2021 09:19
Sabir Buqrin: Hamı Qarabağın seriyasına son qoymaq üçün motivasiyalı idi

"Bizdə rahatlıq yox idi. Bütün futbolçular kimi hər gün məşq edirdik. "Qarabağ"la oyundan əvvəl kollektivdə stres hiss etmədim. Ancaq matçı bitirmək üçün böyük aclıq yaşadım".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Sabir Buqrin Premyer Liqanın XXVIII turunda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə "Hln.be" saytına açıqlamasında deyib.

25 yaşlı yarımmüdafiəçisi Ağdam təmsilçisinin ardıcıl 7 il ölkə çempionu olduğunu xatırladıb: "Komandadakı hər kəs bu seriyaya son qoymaq üçün xüsusi motivasiyalı idi. Çətin qarşılaşma oldu. Çünki "Qarabağ" topa sahib olmağı sevən və topu itirən kimi dərhal təzyiq göstərən komandadır. Buna baxmayaraq, oyuna yavaş-yavaş nəzarət etməyə başladıq. Gec də olsa, qələbə qolunu vura bildik".

Mərakeş əsilli belçikalı oyunçu Əhməd Əhmədovun son dəqiqələrdə vurduğu qoldan danışıb: "Önə çıxan müdafiəçimiz hava mübarizəsindən qalib ayrıldı. Bundan sonra top hücumçumuzun ayaqları altına düşdü. O isə sərt zərbə endirdi. Ardınca görünməmiş sevinc yaşadıq. Oyunçular hər tərəfə qaçdılar (gülür - red.). Bundan sonra rəqib futbolçuların hamısı bir müddət cərimə meydançamız tərəfdə idi. Çünki "Qarabağ" bərabərlik qolu axtarırdı. Biz öz yerimizi tutduq və final fitindən sonra qələbəni qeyd etməyə başladıq. Bunu sözlə ifadə etmək çətindir".

Buqrin bu günədək karyerasında ən yaxşı mövsümü keçirdiyini söyləyib. O, Çempionlar Liqasının ilk təsnifat mərhələlərində qələbə qazanmağın vacibliyini vurğulayıb: "Bir xəyalı gerçəkləşdirdik. Ümid edirəm ki, püşk yaxşı alınacaq. Qrup mərhələsinə yüksəlmək üçün əlimizdən gələni edəcəyik".

Yarımmüdafiəçi bir neçə klubun onunla maraqlanmasına münasibət bildirib: "Futbolda işlər sürətlə gedə bilər. Belçikanın bəzi klubları bizimlə əlaqə saxlayıb. Lakin hələ heç nə dəqiqləşməyib. Əvvəlcə tətildən zövq alacağam. Həyat yoldaşımla birlikdə evə gələcəyəm və nələrin baş verəcəyini görəcəyik".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edərək çempion olub. Sabir Buqrinin "ağ-qaralar"la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Son xəbərlər

Orphus sistemi