"Düşündüm ki, dəyişiklik kluba və mənə xeyir verəcək".
"Report" xəbər verir ki, bunu "Sabah" komandasından ayrılan baş məşqçi Murad Musayev ölkəsinin "Championat" nəşrinə açıqlamasında deyib.
Rusiyalı mütəxəssis son iki mövsümdə paytaxt təmsilçisinin kifayət qədər parlaq oyun sərgilədiyini və yaxşı nəticələr qazandığını bildirib: "Komandanın çoxlu qələbələri olub. İndi həvəsi itirmişik. Çempionatda üçüncü sıradakı komanda ilə 5 xallıq fərqimiz var. Avrokuboklara vəsiqə əldə etmək və mövsümü yaxşı bitirmək üçün bütün şərtlər var. Bu, çətin qərardır. Amma düşündüm ki, hamıya fayda verəcək".
Qeyd edək ki, Murad Musayev 2021-ci ilin noyabrından "Sabah"da işləyib. "Bayquşlar" onun rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə, 23 məğlubiyyət). "Sabah" ölkə çempionatının 2022/2023 mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.