Ramin Musayev: "Millidəki bəzi oyunçular zədələnməmək üçün özlərini qoruyurlar"

Ramin Musayev: "Millidəki bəzi oyunçular zədələnməmək üçün özlərini qoruyurlar" "Milli komanda haqqında nə danışım? Nəticə qazana bilməməyimizin əsas səbəbi özümüzük. Kim istəyir məni söysün, döysün, öldürsün, sözümü deyəcəyəm".
Futbol
23 Oktyabr , 2021 09:38
Ramin Musayev: Millidəki bəzi oyunçular zədələnməmək üçün özlərini qoruyurlar
Ramin Musayev

"Milli komanda haqqında nə danışım? Nəticə qazana bilməməyimizin əsas səbəbi özümüzük. Kim istəyir məni söysün, döysün, öldürsün, sözümü deyəcəyəm".

Bu fikirləri "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Abbasov Azərbaycan millisinin 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki uğursuz çıxışı barədə danışarkən deyib.

Funksioner yığmanın baş məşqçisi Canni De Byazini günahkar bilmədiyini söyləyib: "Günah bizim özümüzdədir, 8 komandadadır və onlarla birlikdə məndədir. Hamı elə düşünür ki, mən Elxan Məmmədovu, Rövnəq Abdullayevi və De Byazini müdafiə edirəm. Xeyr. Mən haqqı deyirəm. Mənə yığmada mərkəz müdafiəçisi və sırf hücumçu göstərin. Müdafiədə Bədavi Hüseynov zədələnib, onu əvəz edəcək kimi layiq görürsünüz? Hücümda kimi görürsünüz? Bir dənə Mahir Emrelidir. O da gah xəstələnir, gah belə, gah da elə olur".

Musayevin sözlərinə görə, baş məşqçiyə seçimlə bağlı problem yarada bilmirik: "Elə etməliyik ki, o, seçim qarşısında tər töksün, yığmaya kimi çağıracağını fikirləşsin. Bu yazıq futbolçunu məcbur götürür ki, say düzəlsin. Yalan deyirəmsə, deyin ki, yalandır. Əsas qapıçımız Şahruddin Məhəmmədəliyevdir. Emil Balayev də əvvəl qapıda pis durmazdı. İndi isə öz komandasında ehtiyatda qalır. Deməli, Balayev başqa komandaya verilməli idi ki, orada oynasın. Millini düşünən belə etməli idi. O, mütəmadi oynamalıdır ki, praktikası olsun. Dünyanın ən məşhur futbolçusu bir ay futbol oynamırsa, ona iki ay məşq lazımdır. Biz fikirləşirik ki, məşqçi heç nə etmir. Məsələn, gəlmisən evə, evdə bir tikə ət yoxdur. Qışqırırsan ki, arvad, mənə ətli xəngəl və ya dolma bişir. Necə bişirsin? Bazarlıq elə gətir, bişirsin. İndi biz oyunçu verək ki, baş məşqçidən də nəsə tələb edək".

PFL prezidenti bildirib ki, yerli baş məşqçi ilə də eyni nəticə qazanılacaqdı: "Çünki yetəri qədər yerli futbolçularımız yoxdur. Klubların baş məşqçiləri məndən incisələr də, sözümü deyəcəyəm. Hər kəs komandasını düşünür. Millini fikirləşən yoxdur. Hamı da Elxan Məmmədovu günahlandırır. Elə deyil. Mən Elxan Məmmədovun vəkili deyiləm. Mən haqqın vəkiliyəm və haqqı deyirəm. Millini düşünən insan komandasında yerli oyunçu yetişdirməlidir və bunu tələb etməlidir. Filankəsi oynamağa məcbur etməlidir. Biz komanda yaranan kimi deyirik ki, sən çempion olmalısan və avrokuboka vəsiqə qazanmalısan. 3-4 il vəsiqə qazanmasın, köklü komanda yaratsın, sonra “Qarabağ” kimi nəticələr gələcək. “Neftçi” ardıcıl bir neçə dəfə çempion oldu. Çünki bünövrəsi var idi. Bünövrə qurtardı, komanda yenə çökdü. İndi yenə bir az düzəldiblər. Amma tam deyil. Çəkinmədən deyirəm. Yeni bünövrəni indi yaradırlar. Yaxın 1-2 ilə “Neftçi” tam oturuşmuş komanda olacaq. “Sabah”ın da bünövrəsi yoxdur. Bünövrə olandan sonra onları saxlamaq olmayacaq. Çünki rəhbərləri canla-başla çalışırlar. İstəkləri böyükdür. İstək olan yerdə nəticə də olacaq. Komandalarda baş məşqçilərdən qısa zamanda nəticə tələb etmək olmaz. Uşaq futbolunda bəzən məşqçi qışqırır ki, udmalısınız. Demək lazımdır ki, udmalısınız yox, oynamalısınız. Uşaq futbolunda çempion olanda nə olur? Boynundan bir dənə dəmir asırlar, uşaq sevinir. Belədə onun gələcəyi olmayacaq".

Musayev "Qarabağ"ın bəzi futbolçularının klubdakı oyunlarını yığmada göstərə bilməməsi ilə bağlı fikirlərə də toxunub: "Bir maşında 4 təkər var. Onlardan biri fərqli olanda maşın düz gedə bilməz. Dediyim odur ki, millidə birlikdə oynadıqları bəzi oyunçular eyni deyil. Onların bir-birilərini başa düşməsi lazımdır. Ad çəkməyəcəyəm. Mən axırıncı oyunu izlədim. Orada bəzi oyunçular xoşuma gəlmədi. Kimlərin olduğunu deməyəcəyəm. Amma bəziləri zədələnməmək üçün özlərini qorudular. Qorxdular ki, öz komandalarındakı yerlərini itirərlər".

Son xəbərlər

Orphus sistemi