“Qəbələ”nin hücumçusu: “Mən meydana girəndə uşaqlar ürəklənirlər ki, bir qolumuz var”

“Qəbələ”nin hücumçusu: “Mən meydana girəndə uşaqlar ürəklənirlər ki, bir qolumuz var” “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov peşəkar karyerasına 2017-ci ildə məhz bu klubda başlayıb.
Futbol
5 Dekabr , 2022 16:47
“Qəbələ”nin hücumçusu: “Mən meydana girəndə uşaqlar ürəklənirlər ki, bir qolumuz var”

“Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov peşəkar karyerasına 2017-ci ildə məhz bu klubda başlayıb.

“Qırmızı-qaralar”ın yetirməsi olan 25 yaşlı hücumçu 2018-ci ilin yanvarından 2019-cu ilin yayına qədər icarə əsasında “Sumqayıt”ın formasını geyinib.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq oyunçusu “Report”un suallarını cavablandırıb.

- Premyer Liqanın XVI turunda “Səbail” üzərində 2:1 hesablı qələbəni sizin üçün ikiqat sevinc saymaq olar?

- Bəli. Həm komandam qalib gəldi, həm də qələbə qolunun müəllifi oldum. Ümumiyyətlə, sonradan meydana daxil olaraq qol vurmaq və komandama qələbələr qazandırmaq mənə daha çox motivasiya verir.

- Bu mövsüm Premyer Liqanın bütün matçlarında sonradan meydana daxil olmaq sizdə psixoloji gərginlik yaratmır?

- Əlbəttə ki, yaradır. Hər bir futbolçu əsas heyətdə oynamaq istəyər. Həmçinin, mən də. O ki qaldı mənim sonradan mübarizəyə qoşulmağıma, əsas odur ki, meydanda olduğum müddətdə faydalı iş görüm, qol vurum. 5 və ya 10 dəqiqə oynamağımın fərqi yoxdur, əlimə imkan düşən kimi, yararlanmağa çalışıram. Hər matçda öz şansımı gözləyirəm.

- Mübarizəyə əvəzetmələrdən qoşulanda rəqib müdafiəçilərdə sanki gərginlik yaranır. Bunu hiss edirsiniz?

- Mən də düşünürəm ki, rəqiblərdə belə bir gərginlik olur. Çünki ötən mövsüm də, ondan əvvəlki mövsüm də ehtiyatdan oyuna qoşulub çox qol vurmuşam. Bu mövsüm Premyer Liqada hər üç qolu əvəzetmədən meydana daxil olduqdan sonra vurmuşam. Yalnız Azərbaycan kubokunun 1/8 final mərhələsində “Araz-Naxçıvan”la görüşü 90 dəqiqə əvəz edilmədən keçirdim və fərqləndim. Fikrimcə, əsas heyətdə oynasam, daha çox şans əldə edərəm və bundan çox qol vuraram.

- Eşitdiyimizə görə, bu xüsusiyyətinizə görə komanda daxilində sizə ləqəb qoşanlar var. Doğrudur?

- Bəli, komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər. Mən meydana girəndə uşaqlar ürəklənirlər ki, bir qolumuz var. Bu amil mənə də əlavə ruh yüksəkliyi verir.

- Ötən mövsümlə müqayisədə bu mövsüm qeyri-stabil nəticələr əldə etməyiniz nə ilə bağlıdır?

- Çempionat ötənilkindən çətindir. Cari mövsümdə 10 komanda mübarizə aparır. Əlavə olaraq çətin Tovuz və Gəncə səfərləri olur. Təkcə bizdə yox, bütün komandalarda qeyri-stabil qrafik cızılma dönəmi var. Komanda olaraq oyunlara yalnız qələbə üçün çıxırıq, rəqiblərlə yaxşı rəqabət aparırıq. Bəzən istədiyin nəticəni qazanmaq mümkün olmur. Yəqin nədəsə səhvlərə yol veririk.

- “Qəbələ” hazırda 24 xalla 5-ci pillədə qərarlaşır. Düşünmək olar ki, bundan sonra “Zirə” ilə dördüncülük uğrunda mübarizə aparacaqsınız?

- Mən də bu fikirlə razıyam. Çempionatda 4-cü yer uğrunda mübarizə “Zirə” və “Qəbələ” arasında gedəcək. Məncə, şanslar yarı-yarıyadır.

- Dekabrın 8-də ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olacaqsınız. Bu cütlükdə nəyə ümid edirsiniz?

- “Qarabağ”ın gücü hamıya bəllidir. Çox güclüdürlər. Biz də zəif komanda deyilik, əlimizdən gələnin ən yaxşısını eləməyə çalışacağıq. Üstəlik, nəzərə alaq ki, ölkə kubokunda mübarizə çempionatdan fərqli olur.

- “Qarabağ”a qarşı ardıcıl 3 oyun keçirəcəksiniz. Eyni rəqiblə bu qədər qarşılaşmaq bezdirici deyil?

- Eyni komanda ilə ard-arda oynamaq bir az bezdiricidir. Ötən il də bu hal yaşanmışdı, yenə “Qarabağ”la ölkə kubokunda qarşılaşmışdıq. Eyni rəqibi ardıcıl analiz eləmək psixoloji cəhətdən çox çətindir. Digər tərəfdən inkişaf üçün “Qarabağ” kimi komandalarla çox oynamaq yaxşıdır. İstərdim ki, Azərbaycandakı bütün komandalar “Qarabağ” gücündə olsun.

- Qış fasiləsinə çox az vaxt qalıb. “Zirə” ilə aranızdakı 2 xallıq fərqi nəzərə alsaq, 2023-cü ilə turnir cədvəlinin 4-cü pilləsində yollanmaq şansınız nə qədərdir?

- Çempionatda son oyunlarımız “Qarabağ” və “Turan Tovuz”a qarşı olacaq. Bu iki görüşdə maksimum xal toplamaq istəyirik ki, “Zirə”nin uzaqlaşmasına imkan verməyək və ya turnir cədvəlində onları qabaqlayaq.

Son xəbərlər

Orphus sistemi