“Rusiyada heç vaxt maaş almamışam”.
“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev “championat.com” saytına müsahibəsində deyib.
29 yaşlı futbolçu gənc yaşlarında Rusiyada çıxış edərkən, yalnız bir turnirdə iştiraka görə pul aldığını bildirib: “18 yaşım olanda uşaqlar məni LFL-də oynamağa dəvət etdilər. Nəticədən asılı olmayaraq, iştirakım üçün 1000 rubl ödədilər. Bu, mənim yeganə qazancım idi. 18 yaşımda evləndim, ailəmi kişi kimi dolandırmalı oldum. Həmin oyunları çox bəyənirdim. Qapıçı üçün ciddi məşq və təkmilləşmək imkanı idi”.
O, Azərbaycanda da bu cür turnirlərin təşkilinin tərəfdarıdır: “Azərbaycanda belə səviyyəli turnir olsaydı və klubum orada oynamağa icazə versəydi, məmnuniyyətlə iştirak edərdim”.
Ş.Məhəmmədəliyev LFL-də çıxış etdiyi dönəmdə ayağının sındığını da xatırlayıb: “Ağır zədə idi, sümük yavaş-yavaş sağalırdı. Dörd ay gipsdə qaldım. İnstitutda testlərə və imtahanlara dəyənəklə getdim. Çətin dövr idi”.
Qeyd edək ki, Şahrudin Məhəmmədəliyev 2013-cü ildən Azərbaycanda çıxış edir.