Fransa Liqa 1-də XII turun açılış oyunu PSJ və "Lill" komandaları arasında keçirilib.
"Report"un məlumatına görə, Parisdəki "Park de Prens" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 31-ci dəqiqədə qonaq komandadan Conatan Devid açıb. O, türkiyəli hücumçu Burak Yılmazın ötürməsini qola çevirib.
Fasilədən sonra PSJ argentinalı yarımmüdafiəçi Anxel Di Mariyanın sayəsində dönüş etməyi bacarıb. 78-ci dəqiqədə Markinyosun fərqlənməsinə şərait yaradan Di Mariya 88-ci dəqiqədə Neymarın ötürməsindən sonra qələbə topunu vurub.
Paytaxt klubunun argentinalı hücumçusu Lionel Messi isə ilk yarıda meydanda olsa da, 46-cı dəqiqədə yerini Mauro İkardiyə verib.
Beləliklə, bu qələbə sayəsində PSJ xalını 31-ə çatdırıb və ən yasın izləyicisi, 1 oyun az keçirmiş "Lans"ı 10 xal geridə qoyub. "Lill" isə 15 xalla 11-cidir.