PFL: "Qarabağ" əsasnaməni pozub

PFL: "Qarabağ" əsasnaməni pozub Bu tip məsələlər AFFA İntizam Komitəsində müzakirə olunur və müvafiq qərarlar çıxarılır
Futbol
376
20 Fevral , 2021 10:21
PFL: Qarabağ əsasnaməni pozub

"Qarabağ" klubu Azərbaycan Premyer Liqasının XVI turunda "Sumqayıt"la səfər matçında əsasnaməni pozub.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Texniki idman şöbəsinin rəisi Elgiz Abbasov sosial şəbəkədə səsləndirilən iddialara cavab olaraq məlumat verib.

Abbasov Ağdam təmsilçisinin serbiyalı futbolçusu Uroş Matiçin oyun formasındakı yazının qaydalara zidd olduğunu vurğulayıb: "Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun və I Divizionun Əsasnaməsində də qeyd olunduğu kimi futbolçu futbolkaları Azərbaycan əlifbasından istifadə etməklə yazılmalıdır. Yəni əlifbamızdan kənara çıxmaq olmaz. Matic və ya Matiç kimi yazmaq olar, "Matic`" yazılışı isə hazırkı qaydalara ziddir. Amma digər tərəfdən, bunun bir az yanlış xatırlama olduğunu görmək olar. Siyahıda olan oyunçulara baxın. Zubir, Ozobiç adları və ya soyadları yazılarkən hətta əlifbamız qorunmaqla yanaşı, səslənmə də qorunub".

PFL rəsmisinin sözlərinə görə, insan faktorları olan yerdə səhvlər də qaçılmazdır. "Təcrübəmdən deyə bilərəm ki, ad, soyad, "nickname" futbolçu üçün çox vacibdir, amma qaydalar mütləq izlənməlidir. Komandanın baş məşqçisi hələ Rusiyada oynayanda jurnalistə "Mənim adım Kurban Kurbanov yox, Qurban Qurbanovdur" demişdi. Yəni, ad məsələləri hər zaman müzakirə mövzusudur. Amma qaydalar var və bu qaydalar önəmlidir".

Abbasov onu da əlavə edib ki, bu tip məsələlər AFFA İntizam Komitəsində müzakirə olunur və müvafiq qərarlar çıxarılır.

Matiç əvvəllər də arxasında "Matic`" yazılmış formalarla oyuna çıxıb. Sadəcə, məsələ həmin vaxt diqqətdən yayınıb və yalnız ötən gün sosial şəbəkədə gündəmə gətirilib.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" matçı qolsuz bərabərliklə başa çatıb. PFL-in əsasnaməsinin 4.4 bəndinə görə, formalardakı yazılarda Azərbaycan əlifbasından istifadə olunmalıdır: "Başqa əlifbadan istifadə edən klublar cəzalandırılacaq".

Son xəbərlər

Orphus sistemi