“Neftçi”nin yeni mövsümə hazırlıq planında dəyişiklik olub.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, təlim-məşq toplanışının birinci mərhələsi iyunun 18-dək davam edəcək. Texniki səbəblərə görə flaqman Sloveniyaya ayın 18-də yola düşəcək. Bu səbəbdən iyunun 30-dək davam edəcəyi nəzərdə tutulan toplanışda 4 yox, 3 yoxlama oyunu baş tutacaq.
"Ağ-qaralar" iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana), 29-da isə Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ müəyyənləşməyib. Bu barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki rəqibi iyunun 15-dəki püşkatma mərasimində məlum olacaq.