Branimir Subaşiç: "Azərbaycan, yoxsa Serbiyaya azarkeşlik edəcəyimi bilmirəm"

Branimir Subaşiç: "Azərbaycan, yoxsa Serbiyaya azarkeşlik edəcəyimi bilmirəm" "Bakıya Serbiya Futbol İttifaqının dəvəti ilə oyunu izləməyə gəlmişəm. Sağ olsunlar ki, məni yaddan çıxarmayıblar"
Futbol
29 Mart , 2021 13:29
Branimir Subaşiç: Azərbaycan, yoxsa Serbiyaya azarkeşlik edəcəyimi bilmirəm
Branimir Subaşiç

"Bakıya Serbiya Futbol İttifaqının dəvəti ilə gəlmişəm. Sağ olsunlar ki, məni yaddan çıxarmayıblar".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç DÇ-2022-nin seçmə mərhələ oyunu üçün Serbiya yığması ilə paytaxtımıza səfəri barədə danışarkən deyib.

Veteran hücumçu fərqli hisslər keçirdiyini bildirib: "Çoxdandır Bakını görmürdüm. Şəhər yaxşı mənada çox dəyişib. Həm böyüyüb, həm də gözəlləşib. Hələ də şokdayam. Burada necə gözəl binalar tikilib! Bu gün şəhəri doyunca gəzəcəyəm. İmkan olsa, buradakı dostlarımla da görüşəcəyəm. Ən çox Bakı və onun havası üçün darıxmışam".

Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək oyunla bağlı fikirlərini bölüşən Subaşiç hər iki komanda üçün çətin olacağını vurğulayıb: "Serbiya millisi yeni baş məşqçi Draqan Stoykoviçin gəlişindən sonra çox yaxşı oynayır. Qrupdakı ilk 2 matçı yüksək səviyyədə keçiriblər. Sabah bizi maraqlı oyun gözləyir. Serbiyanın favorit olduğunu söyləmək olar. Amma futbolda hər şey mümkündür. Azərbaycan millisi bütün gücü və konsentrasiyası ilə mübarizə aparsa, istənilən nəticə qeydə alına bilər".

39 yaşlı keçmiş forvard hansı komandaya azarkeşlik edəcəyini bilmir: "Hər iki komanda mənə doğmadır. Görək, necə olur. Yaxşı və baxımlı oyuna azarkeşlik edəcəyəm".

Subaşiç Azərbaycan millisinin məşqçilər heyətindən heç kimin Serbiya yığması barədə məlumat almaq üçün onunla əlaqə saxlamadığını söyləyib: "Düşünürəm ki, buna ehtiyac da yoxdur. Ümumiyyətlə, mən özüm belə şeylərə qarşıyam. Hər iki yığmanın baş məşqçisi rəqibi kifayət qədər yaxşı tanıyır".

Vaxtilə formasını geyindiyi Azərbaycan millisinin hazırkı heyəti barədə danışan veteran futbolçu komandanın kifayət qədər gəncləşdiyini bildirib: "Yığma, əsasən, gənc oyunçulardan təşkil olunub. Aralarında yaxşı futbolçular var. Bizim dövrümüzdəki komanda ilə indikini müqayisə etmək bir qədər çətindir. Çünki hər dövrün öz komandası olur".

Subaşiç gələcəkdə Azərbnaycan millisində işləmək istəyini gizlətməyib: "Mənim üçün Serbiya yığmasında çalışmaq çətin olar. Amma AFFA-dan təklif olsa, futbolun inkişafına kömək etməyə hər zaman hazıram".

Qeyd edək ki, 2007 - 2013-cü illərdə Azərbaycan millisində çıxış etmiş Branimir Subaşiç yığmada keçirdiyi 39 oyunda 7 qol vurub. O, "Neftçi", "Qəbələ", "Xəzər Lənkəran" və "Qarabağ" komandalarının da şərəfini qoruyub.

Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi