Millimizin kapitanı: "Bilmək olmaz top hansı qapıya gedəcək"

Millimizin kapitanı: "Bilmək olmaz top hansı qapıya gedəcək" "Rəqibimiz İspaniya millisidir. Onların adı və qadın futbolundakı hegamonluğu da hamıya bəllidir"
Futbol
18 Fevral , 2021 12:04
Millimizin kapitanı: Bilmək olmaz top hansı qapıya gedəcək

"Bugünkü rəqibimizin adı və qadın futbolundakı hegemonluğu da hamıya bəllidir".

Bu fikirləri "Report"a açıqlamasında futbol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov Bakıda İspaniya ilə keçirəcəkləri Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib.

34 yaşlı mütəxəssis eyni rəqiblə səfərdə keçirdikləri və 0:4 hesabı ilə uduzduqları matçı xatırlayıb: "Onlarla İspaniyada qarşılaşmışıq. Həmin vaxt qadın futbolu Azərbaycanda təzə yaranırdı. İlk oyunu 12 min azarkeşin önündə oynamaq özümüz və oyunçularımız üçün böyük təcrübə idi. Avropa çempionatının seçmə mərhələsində komanda kimi təmsil olunmağımız da böyük təcrübədir. Birinci qarşılaşmadan sonra qrupda Çexiya, Moldova və Polşaya qarşı oyunlar keçirmişik. Futbolçular ilk oyundan fərqli olaraq artıq praktika yığıblar. Məqsədimiz İspaniya ilə görüşdə ölkəmizi layiqincə təmsil etməkdir".

Siyasət Əsgərov
Siyasət Əsgərov

Əsgərov pandemiyanın hər bir komandaya problem yaşatdığını söyləyib: "Bizim kimi ölkələr daha çox problem yaşayıb. Çünki çempionatımız dayanıb, amma İspaniya kimi ölkələrdə çempionat davam edir. Onlar da oyun praktikası cəhətdən daha yaxşıdırlar. Bəzi futbolçularımız qonşu ölkələrdə legioner həyatı yaşayır. Tərslikdən həmin ölkələrdə də liqalar dayanıb. Problemimiz oyun praktikası sarıdandır. Amma İspaniya ilə görüşdə bunu aradan qaldırmağa çalışacağıq".

Gənc mütəxəssis fevralın 23-də Moldova ilə keçirəcəkləri son oyun barədə də danışıb: "İspaniya ilə dueldən sonra bu görüşə köklənməliyik. Çünki Moldova bizim yer aldığımız C səbətinin komandasıdır. Məqsədimiz odur ki, son oyunu 3 xalla bitirək. Komandada ruh yüksəkliyi daha yaxşıdır. Oyunlara çox ciddi hazırlaşırıq".

Baş məşqçi Rusiyanın “Zenit” klubunun üzvü Jalə Məhsimovanın toplanışa qoşulmamasına da münasibət bildirib: "Biz də istəyərdik ki, belə bir oyunçu komandamızla olsun. Yığma üçün çox vacib oyunçudur. Amma pandemiya ilə əlaqədar sənədləşmədə bəzi problemlər yaşandı və nəticədə o, toplanışa qoşula bilmədi. Bəzi zədəli oyunçular var ki, onlar da matça qədər hazır olacaqlar".

Aysun Əliyeva
Aysun Əliyeva

Yığmanın kapitanı Aysun Əliyeva isə millidə əhval-ruhiyyənin çox yaxşı olduğunu deyib: "Komandamız bu təlim-məşq toplanışında daha da yaxşı hazırlaşır. İspaniya ilə matç önəmlidir. Dominant komandaya qarşı oynayacağıq. Siyasət müəllimin bir sözü var: top yumru, qapı isə düzdür (əslində bu ifadə "Top yumru, meydan düzdür" olmalıdır - red.). Bilmək olmaz top hansı qapıya gedəcək. Biz mübarizə aparmağa davam edəcəyik. Ümid edirəm ki, istədiyimiz nəticəni qazanacağıq. Amma ən önəmli matçımız Moldovaya qarşı olacaq. Bütün fikrimizlə, həvəsimizlə ona köklənmişik. İnanıram ki, evdə Moldovanı məğlub edəcəyik".

Qeyd edək ki, bu gün "ASK Arena"da keçiriləcək Azərbaycan - İspaniya oyunu saat 20:00-da başlayacaq. Hələlik heç bir xalı olmayan yığma qrupdakı son matçını fevralın 23-də evdə Moldovaya qarşı keçirəcək.

VİDEO: Nərmin Bəhruzi

Son xəbərlər

Orphus sistemi