"Neftçi" iki futbolçusu ilə yollarını ayırıb.
"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Abasov klubun televiziyasına açıqlamasında məlumat verib.
43 yaşlı mütəxəssis yarımmüdafiəçi Keysuke Honda və hücumçu Əhməd Əhmədovun yeni mövsümdən komandada olmayacağını söyləyib: "Honda özü qalmaq istəmədi. Məncə, artıq futbolu bitirir. Hətta ona Çempionlar Liqasında oynayacağımızı dedik. Mən çox istəyirdim ki, komandamızda qalsın. Onun şəxsi qərarıdır və hörmətlə yanaşmalıyıq. Əhmədovun isə icarə müddəti bitib və Bolqarıstanın MOİK (Sofiya) klubuna qayıdıb. Son oyunda vurduğu qolu kənara qoyaq, ona bizimlə birlikdə olduğuna görə təşəkkür edirəm".
Abasov yeni hücumçu axtaracaqlarını sözlərinə əlavə edib: "Bu, əcnəbi olacaq. Bir və ya iki forvardla müqavilə imzalayacağıq. Amma onu dəqiq deyə bilərəm ki, Keysuke Honda və Əhməd Əhmədov bizim komandada olmayacaq".
O, yeni müdafiəçi və vinger də transfer etmək istədiklərini deyib.
Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə mövsümün sonunadək müqavilə imzalamışdı. Əhməd Əhmədov isə fevralın 17-də "ağ-qaralar"a keçib. Ölkə çempionu daha əvvəl braziliyalı müdafiəçi Rener Alveslə vidalaşacağını açıqlayıb.