Kevin Medina: “Neftçi” ilə 10 dəfə də görüşsək, hamısında böyük hesabla qələbə qazanmaq istəyərəm” - MÜSAHİBƏ

Kevin Medina: “Neftçi” ilə 10 dəfə də görüşsək, hamısında böyük hesabla qələbə qazanmaq istəyərəm” - MÜSAHİBƏ “Qarabağ”ın futbolçusu Kevin Medina ölkəsi Kolumbiyada anadan olmasına baxmayaraq, peşəkar karyerasına Portuqaliyada başlayıb.
Futbol
6 Dekabr , 2022 13:15
Kevin Medina: “Neftçi” ilə 10 dəfə də görüşsək, hamısında böyük hesabla qələbə qazanmaq istəyərəm” - MÜSAHİBƏ

“Qarabağ”ın futbolçusu Kevin Medina Kolumbiyada anadan olmasına baxmayaraq, peşəkar karyerasına ölkəsində yox, Portuqaliyada başlayıb.

“Naval” klubunun yetirməsi olan 29 yaşlı müdafiəçi karyerası ərzində Portuqaliyanın bir neçə aşağı liqa təmsilçisinin formasını geyinib.

Futbolçu 2020-ci ilin yayında “Çaves”dən “Qarabağ”a keçib.

Cari mövsüm Ağdam klubunun heyətində Premyer Liqada 8, avrokuboklarda isə 6 oyunda iştirak edən Medina “Report”un suallarını cavablandırıb.

- Premyer Liqanın XVI turunda əzəli rəqib “Neftçi” üzərində 4:0 hesablı qələbə qazandınız. Rəqibdən bu cür zəif oyun gözləyirdiniz?

- Artıq bir müddətdir buradayam, “Neftçi” və “Qarabağ” arasındakı rəqabətdən xəbərdaram. Bilirəm ki, hər iki klubun azarkeşləri, ümumiyyətlə, futbol ictimaiyyəti bu görüşü səbirsizliklə gözləyirdilər. Təbii ki, hər iki tərəfin fanatları arzulayırlar ki, belə prinsipial qarşılaşmada məhz onların komandası qələbə qazansın. Çünki onlar belə oyunlarla yaşayır, nəfəs alırlar. Əslində, zəif “Neftçi” görmədim. Ümumi götürdükdə pis təsir bağışlamadılar. Düzdür, mən daha çox öz komandamın oyununa diqqət yetirirəm, rəqibə fikir vermirəm. Bu qarşılaşmada da çox konsentrasiyalı, yüksək səviyyədə köklənmiş “Qarabağ” gördüm. Çünki əvvəlki iki görüşdə bizə xas olmayan oyun nümayiş etdirmişdik. Ancaq “Neftçi” ilə matçda öz oyunumuzu göstərməyi bacardıq. Bu da “Neftçi”nin bəxtinə düşdü. İnsanların bizi tanıdıqları üslubda çıxış etdik. Rəqibin meydana istəksiz çıxmasına inanmıram. Onların futbolçularında “Qarabağ”a qalib gəlmək istəyi böyük idi. Necə ki, biz də eyni arzu ilə hazırlaşmışdıq. Belə oyunlarda iştirak eləməyi çox sevirəm. “Neftçi” ilə 10 dəfə də qarşılaşsaq, hamısında bu cür böyük hesabla qələbə qazanmaq istəyərəm.

- Ən yaxın izləyiciniz “Sabah”la xal fərqini 5-ə çatdırdınız. Onların “Şamaxı” ilə matçda (1:1) büdrəməsi sizin üçün təəccüblü olmadı?

- Turnir cədvəlinə baxdıqda həm yuxarı, həm də aşağı pillələrdəki komandalar arasında xal fərqinin böyük olmaması çempionatın rəqabətli keçməsindən xəbər verir. Bu, komandalarla yanaşı, məşqçilər arasındakı rəqabətin də göstəricisidir. Bütün bunlar Azərbaycan çempionatının inkişafına təkan verir. O ki qaldı “Sabah”ın xal itkisinə, bu, məni təəccübləndirdi. Çünki “Sabah” çox yaxşı mövsüm keçirir. Onlar ancaq xoş sözlərə layiq çıxış edirlər. Fikrimcə, “Şamaxı” ilə matçda büdrəmələri təkcə məni yox, futbol ictimaiyyətində çoxlarını təəccübləndirdi. Bununla “Şamaxı”nın xidmətlərini kiçiltmək istəmirəm. Bu komanda son vaxtlar yüksələn xətt üzrə gedir. Onlar da yaxşı oyun nümayiş etdirirlər. Xal itkilərinə hamımız hazır olmalıyıq. Bütün rəqiblər sona qədər mübarizə aparırlar. Bunu öz timsalımızda da göstərə bilərəm. “Neftçi” ilə matça qədər son iki oyunda qələbə qazana bilməmişdik. “Sabah”dan cəmi 5 xal öndəyik. Bunu elə də böyük fərq hesab eləmirəm.

- Həm komanda yoldaşınız Qara Qarayev, həm də siz son oyunda zədələnərək əvəzləndiniz. Bu zədələrə ot örtüyünün durumu, yoxsa sıx qrafikdə çıxış etdiyiniz üçün yaranan yorğunluq səbəb oldu?

- Qara Qarayev də oyun zamanı qasıq nahiyəsində ağrılar hiss elədi. Həmçinin, mənim də arxa ayaq əzələmdə narahatlıq oldu. Bunu qətiyyən ot örtüyü ilə əlaqələndirməzdim. Çünki meydançanın durumu yaxşı idi. Eyni zamanda, sıx qrafiklə də əlaqələndirə bilmərəm. Bundan da sıx qrafikdə oyunlar keçirmişik, belə zədələrə məruz qalmamışam. Bəlkə də yığma komandaların iştirakı ilə əlaqədar yaranan fasilədən sonra oyunun ritmini bərpa etmək prosesini səbəb kimi göstərmək olar.

- Ümumiyyətlə, son vaxtlar tez-tez zədələnməyiniz nə ilə bağlıdır?

- Buna konkret cavab verə bilmərəm. Futbolda belə hallar olur. Məsələn, hansısa ofisiant da işlədiyi restoranda problemlə üzləşə bilər. İstənilən sahədə belə vəziyyətlərin yaranması istisna deyil. Restoranda çalışanlarla öz işimizi müqayisə elədim. Düzdür, onlarla müqayisədə biz daha çox fiziki yüklənməyə məruz qalırıq. Belədə zədələr də qaçılmaz olur. Özümlə bağlı məsələdə həm təəccüb içindəyəm, həm də bir az narahatlığım var. Mövsüm başa çatmamış artıq iki dəfə zədələnmişəm. Karyeram ərzində indiyə qədər belə hadisə baş verməmişdi. Mövsümün əvvəlində də zədələndim, əməliyyət olundum. Ümid edirəm ki, belə bir halla bir daha qarşılaşmayacağam.

- Vaxtilə “Arsenal” İngiltərə Premyer Liqasında məğlubiyyətsiz çempion olmuşdu. Eynisini “Qarabağ”dan gözləməyə dəyər, yoxsa sizin üçün bunun böyük önəmi yoxdur?

- Kimsə rekorda imza atırsa, bu da nə vaxtsa yenilənir. Mən də tarixdə iz qoyan hansısa komandanın və ya futbolçunun rekordunun təkrarlanmasının tərəfdarıyam. “Arsenal”dan xatırlatma etdiniz. Çempionatı uduzmadan başa vurmaq böyük nailiyyətdir. Əslində, “Qarabağ”da məqsədlər sırf bundan ibarət deyil. Futbol elə bir idman növüdür ki, burada yeni tarix yazmaq, rekord qırmaq imkanı varsa, niyə də reallaşmasın? Nəticə klubun tarixini daha da zənginləşdirəcəksə, gözəl olar.

- Azərbaycan kubokunda mübarizəyə qoşulursunuz və 1/4 finalda “Qəbələ” ilə qarşılaşacaqsınız. Üç turnirdə mübarizə aparmaq çətin deyil?

- Düz qeyd elədiniz. Qarşıdan kubok yarışı gəlir və həmin oyunlarda maksimum konsentrasiyalı olmalıyıq. Çünki kubokda ani diqqətsizlik səni yarışdan kənarda qoya bilər. Üç turnirdə mübarizə aparmağa əvvəldən hazır idik. “Qarabağ”ın məqsədi üç fərqli yarışda uğurla çıxış etməkdir. Digər turnirlər kimi, ölkə kubokunda da iddialıyıq. Bu yarışa böyük diqqət ayırırıq. İstənilən futbolçu iştirak elədiyi bütün yarışlarda rəqabətədavamlı, qarşısına böyük hədəflər qoyan klubda oynamaq istəyər. Bu, möhtəşəm hisslərdir. “Qarabağ” üç fərqli turnirdə iştirak edir və hər birində mübarizəni davam etdirir.

- Həm kuboku, həm də çempionatı nəzərə alsaq, “Qəbələ” ilə ardıcıl 3 oyun keçirəcəksiniz. Eyni komanda ilə ard-arda qarşılaşmaq futbolçuya psixoloji cəhətdən mənfi təsir etmir?

- Həqiqətən də, eyni komanda ilə ardıcıl üç dəfə üz-üzə gəlmək psixoloji cəhətdən heç də asan deyil. Belədə daha təmkinli olmalısan. Çünki istənilən nəticə qeydə alına bilər. Eyni rəqiblə üç dəfə qarşılaşırsansa, sənin ilk görüşdəki qələbəndən sonra rəqib ikinci duelə daha iddialı çıxacaq. Sübut eləməyə çalışacaq ki, ilk matçdakı nəticə təsadüfdür, sizdən heç də zəif deyilik. Rəqibin bu istəklə növbəti matça hazırlaşacağını nəzərə alsaq, psixoloji cəhətdən güclü olmalı, səbirlə davranmalı, böyük peşəkarlıq nümayiş etdirməlisən. Belə duellərdə təcrübə də böyük rol oynayır.

- Müdafiənin mərkəzində gah Bədavi Hüseynovla, gah Maksim Medvedevlə, gah da Bəhlul Mustafazadə ilə birgə çıxış edirsiniz. Tez-tez tandem dəyişmək çətin olmur?

- Belə məqamlarda seçim eləmək məşqçi üçün daha çətindir. Səhv eləmirəmsə, komandamızda 5 mərkəz müdafiəçisi var. Adlarını sadaladığınız oyunçularla yanaşı, Rahil Məmmədovu da qeyd edərdim. Bütün mərkəz müdafiəçiləri rəqabətədavamlıdırlarsa, məşqçi üçün daha çox problem yaranır. Bu mənada əsas çətinlik baş məşqçinin üzərinə düşür. Çünki beş mərkəz müdafiəçisindən yalnız ikisini seçmək məcburiyyətindədir.

- Hansı ilə arxa xətdə daha yaxşı anlaşırsınız?

- Elə bir dönəm oldu ki, Maksimlə uzun müddət müdafiənin mərkəzində oynadıq. Həmin vaxtı hər ikimiz yaxşı keçirdik. Bədavi ilə oynamaq da mənə rahat idi. Eyni sözləri Bəhlul haqda da deyə bilərəm. Bəhlul gəncdir, hələ daha çox öyrənmək, təcrübəsini artırmaq üçün qarşısında kifayət qədər illər var. Bunun üçün də potensialı var. Yaşını nəzərə alaraq düşünürəm ki, Bəhlul Azərbaycanın ən yaxşı müdafiəçilərindən biri olacaq. Həmçinin Rahildə də inkişaf üçün potensial görürəm. Təəssüf ki, zədə və ya məşqçi qərarlarına görə, Rahillə yanaşı çox oynamaq imkanı əldə eləməmişəm. Yekun seçim etməli olsam, ümumi statistikaya nəzər yetirsək, ən çox tandem təşkil etdiyim futbolçu Maksimdir. Birlikdə daha çox çıxış etdiyimiz üçün ən yaxşı anlaşma da elə Medvedevlə olub.

- Kolumbiya yığmasının iştirak etmədiyi dünya çempionatında mübarizə necə görünür?

- Kolumbiya yığmasının belə mötəbər turnirdə iştirak edə bilməməsi mənim üçün çox məyusedici məqamdır. Hər şeydə bir xeyir var. Bəlkə də, federasiyanın hansısa səhvi ucbatından komanda dünya çempionatına vəsiqə qazana bilmədi. Düşünürəm ki, federasiyamız buraxılan səhvlərdən qarşıdakı illərdə nəticə çıxaracaq. Ola bilsin ki, davam edən dünya çempionatı kimisə təəccübləndirir. Amma qeydə alınan nəticələr mənə qətiyyən təəccüblü deyil. Əksər azarkeşlər əvvəlki dünya çempionatlarındakı nəticələri əsas götürərək, hansısa komandanı favorit adlandırır, onun qələbəsinə ümid edir. Həmin komanda uğurlu çıxış etməyəndə də təəccüblənirlər. Ancaq belə deyil, futbol çox dəyişib, inkişaf edib. İndi bütün komandalar istənilən rəqibi büdrədə bilər. Futbol bu səviyyəyə çatıb. Baş verənlər məni sevindirir. Futbolu köhnə düşüncə ilə izləyənlər artıq bu idman növünə başqa gözlə baxmağa başlayıblar. Hər bir komandanın heyətində minimum 1-2 ulduz futbolçu var. Bu onu göstərir ki, bütün ölkələrdə futbol oynamağı bacarırlar. Nahaq yerə futbola istək, əzmkarlıq, xarakter, mübarizlik oyunu demirlər. Hansı komanda bu keyfiyyətləri daha qabarıq formada nümayiş elətdirirsə, həm qələbə, həm də azarkeşlərin rəğbətini qazanır. Əgər bir şeyə nail olmaq istəyirsənsə, bunu yalnız xəyal etməməli, arzularına doğru irəliləməlisən. Dünya çempionatında da bu istəklə mübarizə aparan komandalar görürəm.

- Hansı komandanı favorit hesab edirsiniz?

- Dünya çempionatı hələ başlamazdan əvvəl mənim əsas favoritim Fransa yığması idi. Bir çox əsas futbolçularının zədəli olmasına baxmayaraq, mənim üçün favorit dəyişməz qalır. Fransa yığmasının heyətində oyunun taleyini hər an dəyişə biləcək futbolçular çoxdur. Xarakter, istək kimi keyfiyyətləri yüksək olan Mərakeş yığmasını da xüsusi qeyd eləmək istərdim. Onlar bu turnirdəki çıxışları ilə məni yaxşı mənada təəccübləndirdilər. Bir çox azarkeşlər Braziliya yığmasını favorit sayırlar. Braziliyanın da çempion olmaq potensialı var. Hər görüşə tam konsentrasiyalı çıxsalar, bəlkə də, hədəflərinə çatarlar. Əks halda mənə görə, Fransa çempion olacaq.

Son xəbərlər

Orphus sistemi