"Kəpəz" klubunun analitiki: KİV nümayəndəsinə fiziki təzyiq göstərməyə cəhd etməmişəm

"Kəpəz" klubunun analitiki: KİV nümayəndəsinə fiziki təzyiq göstərməyə cəhd etməmişəm Mən KİV nümayəndəsinə fiziki təzyiq göstərməyə cəhd etməmişəm.
Futbol
29 Avqust , 2024 11:56
Kəpəz klubunun analitiki: KİV nümayəndəsinə fiziki təzyiq göstərməyə cəhd etməmişəm

Mən KİV nümayəndəsinə fiziki təzyiq göstərməyə cəhd etməmişəm.

Bunu "Report"a açıqlamasında AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılan "Kəpəz"in analitiki İlkin Verdiyev deyib.

Klub rəsmisi Azərbaycan Premyer Liqasının IV turunun “Səbail”lə səfər oyunu bitdikdən sonra KİV nümayəndəsinə fiziki təzyiq göstərməyə cəhd etməsi səbəbindən cəzaya məruz qalması barədə danışıb:

"Mən KİV nümayəndəsinə fiziki təzyiq göstərməyə cəhd etməmişəm. Sadəcə, oyundan sonra stadionda baş məşqçimiz Adil Şükürov azarkeşlərlə söhbət edərkən bir nəfər videoya çəkməyə başladı. Ondan bunu etməyinin səbəbini soruşanda, mənə "get, işinlə məşğul ol" dedi. Mən isə azarkeş və baş məşqçi arasında dialoqu kluba aid olan məsələ olduğunu bildirdim. Həmin şəxslə aramızda başqa heç bir söhbət olmayıb. Videonu çəkən şəxsin PFL əməkdaşı olduğunu öyrəndim".

İ.Verdiyev qərarın olduqca ağır olduğunu bildirib:

"Məncə, olduqca ağır qərardır. Dediyim kimi, heç kimə fiziki təzyiq göstərməmişəm. AFFA nümayəndəsindən mənim hansı şəkildə qayda pozduğumu və bunu necə müəyyənləşdirdiklərini soruşdum. Dedi ki, o, rəsmi protokolunda belə bir qeyd aparmayıb. Bildirdilər ki, kameralara tuş gəlmişəm. Video görüntüləri istəyəndə isə buna yalnız Bakıda, AFFA-da baxa biləcəyimi söylədilər".

Qeyd edək ki, İntizam Komitəsi İlkin Verdiyevi ikisi şərti olmaqla 5 oyun cəzalandırıb, “Kəpəz” klubu isə 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Son xəbərlər

Orphus sistemi