İspaniyanın "Barselona" klubunun keçmiş qapıçısı, artıq karyerasını bitirmiş Klaudio Bravo yenidən komandaya kömək etməyə hazır olduğunu açıqlayıb.
"Report" "Winwin.com"a istinadən xəbər verir ki, keçmiş qolkiper "Barsa"nın zədələnərək sıradan çıxan qapıçısı Mark-Andre ter Ştegeni əvəz etməyə hazır olduğunu söyləyib.
Çilili futbolçu karyerasını bu ilin avqustunda bitirdiyini açıqlayıb. Klub səviyyəsində o, Çilinin "Kolo-Kolo", İspaniyanın "Real Sosyedad", "Betis", İngiltərənin "Mançester Siti" komandalarının formasını geyinib.
Qeyd edək ki, "Barselona" Mark-Andre ter Ştegenin uzun müddət yaşıl meydanlardan kənarda qalacağını təsdiqləyib. 32 yaşlı almaniyalı La Liqanın VI turunda "Vilyarreal"la oyunda (5:1) zədələnib və meydanı xərəkdə tərk edib.