İngiltərə Premyer Liqasının 8-ci turunda "Brayton" "Liverpul"u qəbul edib.
"Report" xəbər verir ki, matç Brayton şəhərinin "Falmer" stadionunda baş tutub.
Oyunda hesab 20-ci dəqiqədə açılıb. Simon Adinqra "qırmızılar"ın qapıçısı Alisson Bekerin mövqeyini itirməsindən istifadə edərək ev sahiblərinin ilk qolunu vurub. 40-cı dəqiqədə Mersisayd təmsilçisi "status-kvo"nu bərpa etməyi bacarıb: Məhəmməd Salah Darvin Nunyesin ötürməsini qola çevirib. Bununla belə, misirli hücumçu ilk hissədə ikinci dəfə fərqlənməyi bacarıb. Əlavə edilmiş 1-ci dəqiqədə o, 11 metrlik cərimə zərbəsindən qola imza atıb. Matçın ilk hissəsi qonaqların minimal üstünlüyü ilə başa çatıb – 1:2.
Matçın ikinci hissəsi qarşılıqlı hücumlarla keçib. 78-ci dəqiqədə ev sahibləri hesabı bərabərləşdiriblər: Lyuis Dank fərqlənib. Qarşılaşmanın növbəti dəqiqələrində tərəflərin səylərinə baxmayaraq, tablodakı hesabı dəyişmək mümkün olmayıb. Beləliklə, matç heç-heçə bitib – 2:2.
Qeyd edək ki, yerli çempionatda 8 oyundan sonra "Liverpul"un hesabında 17 xal var. Mersisayd təmsilçisi 3-cü pillədə qərarlaşıb. Komandanı turnir cədvəlinin zirvəsindən cəmi 3 xal ayırır. "Brayton" isə 1 xalın sayəsində 6-cı yerə yüksəlib. Komandanın 16 xalı var.