İngiltərə Premyer Liqasının XII turunda autsayder “Sauthempton” lider “Liverpul”u qəbul edib.
“Report” xəbər verir ki, "Sent Meris" standionunda baş tutan matçı baş hakim Semuel Berrot idarə edib.
Hesabı, gözlənildiyi kimi, qarşılaşmanın favoriti açıb: 30-cu dəqiqədə müdafiəçilərin səhvindən məharətlə istifadə edən macarıstanlı Dominik Soboslai dəqiq zərbə ilə qapıçı Aleks Makkartini məyus edib. 42-ci dəqiqədə isə VAR hakimi Maykl Oliverin şübhəli qərarı nəticəsində “qırmızılar”ın qapısına penalti təyin olunub. Qapıçı Kuivin Kelleher “müqəddəslər”in oyunçusu Adam Armstronqun zərbəsini dəf etsə də, ingiltərəli hücumçu qayıdan topu tora göndərib.
56-cı dəqiqədə ev sahiblərinin portuqaliyalı yarımmüdafiəçisi Mateuş Fernandeş əks-hücumda qol vuraraq komandasını hesabda irəli çıxarıb. Ona məhsuldar ötürməni birinci qolun müəllifi Armstronq edib. Bununla belə, Rassel Martinin yetirmələrinin sevinci cəmi doqquz dəqiqə çəkib. 65-ci dəqiqədə Məhəmməd Salah Rayan Qravenberxin uzun ötürməsindən maksimum yararlanıb – 2:2. 83-cü dəqiqədə isə misirli futbolçu penaltidən fərqlənərək dubla imza atıb və oyunda son nöqtəni qoyub – 2:3.
Beləliklə, 12 oyundan sonra “Liverpul” zirvədəki yerini bərkidib. Arne Slotun komandasının aktivində 31 xal var ki, bu da “Mançester Siti”dən 8 xal çoxdur. “Müqəddəslər” isə eyni sayda oyundan sonra cəmi 4 xala malikdir. Komanda turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.