İngiltərə Liqa Kubokunun 1/4 finalının üç qarşılaşması baş tutub.
“Report” xəbər verir ki, “Arsenal” “Kristal Pelas”ı, “Nyuaksl” “Brentford”u, “Sauthempton” isə “Liverpul”u qəbul edib.
Londonun iki təmsilçisi – “Arsenal” və “Kristal Pelas” komandaları arasında reallaşan qarşılaşma “topçular”ın minimal üstünlüyü ilə başa çatıb – 3:2. Sözügedən matçda braziliyalı hücumçu Qabriel Jezus (54, 73, 81) het-trikə imza atıb. “Qartal”ların qollarını isə Jan-Filipp Mateta (4) və Eddi Nketia (85) vurub.
“Nyukasl” – “Brentford” oyunu isə ev sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb – 3:1. “Sağsağanlar”ın qollarını italiyalı yarımmüdafiəçi Sandro Tonali (9, 43) və Fabian Şer (69) vurublar. “Arılar”dan isə konqolu Yoan Vissa (90+1) fərqlənib.
Günün son qarşılaşması ölkənin cənubunda baş tutub. Premyer Liqanın autsayderi “Sauthempton” və lideri “Liverpul” arasında keçirilən matç favoritin minimal üstünlüyü ilə yekunlaşıb – 1:2. “Müqəddəslər”in yeganə qolunu Kemeron Arçer (59) vurub. “Qırmızılar”ın heyətində isə Darvin Nunyes (24) və Harvi Elliot (32) fərqləniblər. Arne Slotun komandasının aparıcı futbolçularından Məhəmməd Salah və Vircil van Deykin adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.
Mərhələnin son oyunu isə dekabrın 20-nə keçən gecə Londonda baş tutacaq. Premyer Liqa təmsilçiləri “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gələcəklər.
Qeyd edək ki, turnirin yarımfinal mərhələsində 1/4 finaldan fərqli olaraq cavab qarşılaşmaları da keçiriləcək. Birinci oyun yanvarın 6-da, cavab görüşü isə fevralın 3-də təşkil olunacaq. Final matçının martın 16-da keçirilməsi nəzərdə tutulub.