“Mançester Yunayted” futbol üzrə ölkə kubokunun yarımfinal matçında İngiltərənin ikinci divizionunda çıxış edən “Koventri”ni penaltilər seriyasında məğlub edib.
“Report” xəbər verir ki, matçın əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb.
“Mançester Yunayted”in qollarını Skott Maktominay (23-cü dəqiqə), Harri Maquayr (45+1) və Bruno Fernandes (58) vurub.
“Koventri”nin heyətində Ellis Simms (71), Kallum O'Hare (79) və Hacı Rayt (90+5, penalti) fərqlənib.
Penaltilər seriyasında isə "Mançester Yunayted"in futbolçuları daha dəqiq olublar - 4:2.
İngiltərə kubokunun finalında “Mançester Yunayted” şənbə günü Londonda “Çelsi”ni məğlub edən (1:0) “Mançester Siti” ilə qarşılaşacaq. Həlledici qarşılaşma mayın 25-də Londondakı “Uembli” stadionunda keçiriləcək.
“Mançester Siti” İngiltərə Kubokunun son sahibidir və ümumilikdə 7 dəfə bu mükafata yiyələnib. “Mançester Yunayted” isə 12 titul qazanıb. Ölkə kubokunda ən çox qələbə qazanan komanda London “Arsenal”ıdır – 14 titul.