FIFA Braziliya Futbol Konfederasiyasını (CBF) beynəlxalq turnirlərdən uzaqlaşdıra bilər.
“Report” AP-yə istinadən xəbər verir ki, ali futbol qurumu bununla bağlı qarşı tərəfə xəbərdarlıq məktubu göndərib.
FIFA CBF-nin yeni prezident seçkilərinə potensial müdaxiləsinin olmasından şübhələnir. Bu üzdən ölkə futboluna sanksiyaların tətbiqi nəzərdən keçirilir.
Xəbərdarlıqda bildirilib ki, prezident Ednaldo Rodrigesin dəyişdirilməsi prosesinin sürətləndirilməsi qurumu narahat edir. Braziliya Futbol Konfederasiyası 2024-cü ilin yanvarında prezident seçkiləri təşkil etməyi planlaşdırır: “CBF-nin FIFA-ya üzvlüyü dayandırılsa, qurum bütün hüquqlarını itirəcək. Bu halda yığmalar və klublar beynəlxalq yarışlarda iştirak etməkdən məhrum olacaqlar”.
FIFA bu problemi həll etmək üçün yanvarın 8-dək xüsusi komissiya yaradacaq.