Əmir Ağayev: "Qarabağ" "Makkabi"ni məğlub edə bilər"

Əmir Ağayev: "Qarabağ" "Makkabi"ni məğlub edə bilər" "Bu qarşılaşmanın favoriti yoxdur. Hər ikisi çox yaxşı komandadır".
Futbol
21 Oktyabr , 2020 13:14
Əmir Ağayev: Qarabağ Makkabini məğlub edə bilər
Əmir Ağayev

"Bu qarşılaşmanın favoriti yoxdur. Hər ikisi çox yaxşı komandadır".

Bunu "Report"a açıqlamasında Yunanıstanın "Atromitos" klubunda çıxış edən Əmir Ağayev "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin I turunda İsraildə "Makkabi" (Təl-Əviv) komandası ilə keçirəcəyi görüş barədə danışarkən deyib.

İsraildə doğulmuş 28 yaşlı yarımmüdafiəçi həmyerliləri ilə matçda Ağdam komandasının qələbə şansının olduğunu bildirib: "Bu qarşılaşma ilə bağlı çox danışa bilməyəcəyəm. "Makkabi" baş məşqçi dəyişikliyinə gedib və heyətdə yeni oyunçular var. Nəticənin necə olacağını hamımız birlikdə görəcəyik. Düşünürəm ki, "Qarabağ" bu matçda qələbə qazana bilər".

Avqustun sonlarında Azərbaycan yığmasına dəvət almış Ağayev toplanışa qatıla bilməməsinin səbəbini də açıqlayıb: "İndiki məqamda millidə oynaya bilmirəm. Çünki bəzi sənədlər qaydasında deyil. Problemin həll olunmasını gözləyirəm".

"Sumqayıt" klubunun sabiq üzvü "Atromitos"da az forma şansı qazanmasını isə bu cür izah edib: "Heyətdə çox oyunçu var və rəqabət yetərincə böyükdür. Amma ümid edirəm ki, bu situasiyanı dəyişdirə biləcəyəm".

Qeyd edək ki, Əmir Ağayev "Sumqayıt"da 2019-cu ilin yanvarından çıxış edib. AFFA oyunçunun milliləşdirilməsi ilə bağlı FIFA-ya müraciət ünvanlayıb. Ali futbol qurumu məsələ ilə bağlı yekun qərarını açıqlamayıb.

Xatırladaq ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi