Didye Deşam: "Azərbaycan millisi ilə matçda qələbə üçün əlimizdən gələni edəcəyik"
- 15 noyabr, 2025
- 17:25
Fransa millisi DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla matçda qələbə qazanmaq üçün əlindən gələni edəcək.
"Report"un məlumatına görə, bunu Fransa yığmasının baş məşqçisi Didye Deşam mətbuat konfransında deyib.
O, bir neçə futbolçunun xidmətindən yararlana bilməyəcəklərini deyib:
"Artıq DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmışıq. Killian Mbappedən başqa da itkilərimiz var. Buna baxmayaraq, sabah Fransa millisi olaraq əlimizdən gələni edəcəyik. Çünki məqsədimiz bütün oyunlarda qələbə qazanmaqdır".
Mütəxəssis Mbappenin durumu haqqında danışıb:
"Kilianın topuğunda problemlər var. Ona "Real" klubunun tibbi personalı nəzarət edəcək. Buna baxmayaraq, sabahkı matçda heç bir riskə getməyəcəyəm. Çünki qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da,Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:00-da start götürəcək.