Azərbaycanın çimərlik futbolu millisinin baş məşqçisi Sahib Məmmədov komandanın İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsindəki çıxışı dəyərləndirib.
Mütəxəssis “Report”a açıqlamasında 1/8 finalda böyük hesabla uduzduqları Portuqaliyanın çox güclü olduğunu deyib.
“Portuqaliya həm dünya, həm də son Avropa çempionudur. Hazırda Avropanın ən güclü komandasıdır. 5:13 hesabı ilə uduzmağımıza baxmayaraq, ən yaxşı oyunlarımızdan birini keçirdik. Son iki matçda güclü rəqiblərlə qarşılaşdıq. Portuqaliya ilə aradakı səviyyə fərqi özünü göstərdi. Baxmayaraq ki, yaxşı başlamışdıq, 2:0 irəlidə idik. Rəqibin oyun praktikasının daha çox olması sözünü dedi. Boşluqlar verdik və məğlub olduq. Lakin keçirdiyimiz 4 qarşılaşmadan ən yaxşısı məhz bu idi. Nəticələri normal dəyərləndirirəm, qrupdan çıxdıq. 1/8 finalda Portuqaliya ilə düşməyimiz yaxşı olmadı”.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında yer aldığı A qrupunda İngiltərə (4:0) və Gürcüstandan (7:2) üstün olub, İspaniyaya (0:7) uduzub. Komanda 1/8 finalda Portuqaliya yığmasına 5:13 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.