Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Sabah"ı qəbul edib.
"Kapital Bank Arena"da keçirilmiş qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 32-ci dəqiqədə Azərbaycan millisinin hücumçusu Əli Qurbani hesabı açıb. 78-ci dəqiqədə isə Tellur Mütəllimov fərqlənib.
İki turdan sonra maksimum nəticə göstərən "Sumqayıt" xallarının sayını 6-a çatdırıb və liderliyini qoruyub. Hər iki görüşdə məğlub olan "Sabah" 7-8-ci yerləri bölüşdürür.
Qeyd edək ki, günün ilk oyununda "Qəbələ" evdə "Keşlə"ni 2:1 hesabı ilə üstələyib. Tura avqustun 22-də keçiriləcək "Zirə" - "Neftçi" və "Qarabağ" - "Səbail" matçları ilə yekun vurulacaq.