Azərbaycan millisinin kapitanı: “Gənc futzalçıları dəstəkləmək lazımdır”

Azərbaycan millisinin kapitanı: “Gənc futzalçıları dəstəkləmək lazımdır” Gənc futzalçılara dəstək göstərmək lazımdır. Qətiyyən onları sındırmaq olmaz, çünki gələcəkləri var.
Futbol
7 Noyabr , 2024 16:31
Azərbaycan millisinin kapitanı: “Gənc futzalçıları dəstəkləmək lazımdır”
Emin Kürdov

Gənc futzalçıları dəstəkləmək lazımdır. Onları qətiyyən sındırmaq olmaz, çünki gələcəkləri var.

Bunu “Report”a açıqlamasında Azərbaycanın futzal millisinin kapitanı Emin Kürdov səfərdə Bosniya və Herseqovina ilə keçirilən yoldaşlıq matçları (0:7, 1:5) barədə danışarkən deyib.

O, nəticələri dəyərləndirməklə yanaşı, heyətin yeni qurulduğunu qabardıb:

“Əvvəl Gürcüstan, daha sonra Çexiya və Bosniya və Herseqovina ilə yoldaşlıq görüşləri keçirdik. Nəticəni kənara qoysaq, bu matçlar birliyimiz üçün yaxşı oldu. Çünki komanda yeni qurulur, heyətdə gənc futzalçılar var. Komandada qalan təcrübəli oyunçulardan biri də mənəm. Gəncləri dəstəkləmək lazımdır. Qətiyyən onları sındırmaq olmaz, çünki gələcəkləri var. Dəstək üçün biz də əlimizdən gələni edirik. Özümü tərifləmək kimi çıxmasın, uduzmağımıza baxmayaraq, Bosniya və Herseqovina ilə oyunun ən yaxşı qapıçısı mən oldum. Bu onu göstərir ki, yeni futbolçulara təcrübə toplamaq, vaxt lazımdır”.

O, gənclərə dəstək üçün ictimaiyyətə səslənib:

“Futbol ictimaiyyətindən xahişim budur ki, cavan uşaqlara dəstək olsunlar. Sosial şəbəkələrdə nə gəldi yazmasınlar. Çünki Azərbaycan övladlarıdır, ailələri, yaxınları var. Azərbaycanlı kimi istənilən halda onların yanında olmalıyıq. Bilirsiniz ki, milli sırf azərbaycanlı futzalçılardan təşkil olunub, legionerlər yoxdur. Hər kəsi futzalımızın inkişafı üçün yanımızda olmağa çağırırıq”.

Kapitan AÇ-2026-nın əsas mərhələsində İsveçlə keçiriləcək oyunda qələbə qazanacaqlarına inanır:

“Qarşıdan İsveçlə oyun gəlir. Avropa çempionatının əsas mərhələsidir. Yoldaşlıq matçlarının məqsədi də məhz buna hazırlıqdır. 6 oyun keçirmişik, bizim üçün təcrübə olub. Futzalsevərləri İsveçlə oyuna dəvət edirik, tribunaları doldursunlar, yanımızda olsunlar. Çünki əvvəlki illərdən fərqli indi milliləşdirilmiş futzalçılar yoxdur. Əhval-ruhiyyə də yaxşıdır. Baş məşqçimiz Vitali Borisov heyəti tam komplektləşdirməyə çalışır. İnanıram ki, İsveçlə doğma meydanda keçirəcəyimiz oyunu qələbə ilə başa vuracağıq”.

Qeyd edək ki, Azərbaycan millisi AÇ-2026-nın əsas mərhələsində İsveçlə qarşılaşacaq. Görüş dekabrın 17-də Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi