Xarici çempionatlarda çıxış edə biləcək futbolçularımız açıqlandı

Xarici çempionatlarda çıxış edə biləcək futbolçularımız açıqlandı "Bizdə futbolçu yoxdur fikri ilə razı deyiləm"
Futbol
202
19 Aprel , 2021 17:45
Xarici çempionatlarda çıxış edə biləcək futbolçularımız açıqlandı
Ayxan Abbasov

"Bizim ümumi problemimiz çoxdur. Hamı deyir ki, azərbaycanlı futbolçu kənarda oynamır, məşqçilər ölkə xaricinə çıxa bilmir. Bizdə ölkədən çıxış zəifdir".

Bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Report"un canlı efirində yayımlanan "ReSport" verilişində azərbaycanlı futbolçuların legioner həyatı yaşaya bilməməsi barədə danışarkən deyib.

40 yaşlı mütəxəssisin sözlərinə görə, oyunçuların legioner həyatı yaşaya bilməməsi tək agentlərin günahı deyil: "Onlar, bəlkə də, futbolçularımızı xarici klublara təklif edirlər. Ola bilər ki, bizim yaxşı oyunçularımız, millinin, "Qarabağ"ın, "Neftçi"nin və digər komandanın əsas futbolçuları getmək istəmir. Bəzi futbolçularımız Avropanın orta səviyyəli çempionatlarında rahat çıxış edərlər. Bəlkə də maddi amillər futbolçuların bu addımı atmalarının qarşısını alır. Bu yöndə futbol ictimaiyyətində hər kəsin günahı var. Onlardan biri də agentlərdir (gülür). Hamısının xətrini çox istəyirik. Agentlərimiz ölkəyə futbolçu gətirməyə daha çox meyl edirlər. Bura daha yaxşı bazardır. Digər ölkələrdən buraya gətirirlər".

Abbasov bəzi yerli oyunçuların ölkə xaricində oynadığını xatırladıb: "Bir-iki agentimiz var ki, gənc oyunçuları aparırlar. Haqlarını vermək lazımdır. Çexiya, Portuqaliya və Latviyada oyunçularımız olub, Gürcüstana futbolçularımız gedir. Deyə bilərik ki, bu ölkədəki çempionat nə səviyyədədir? Niyə oraya gedirlər? Amma bu gün həmin oyunçular Premyer Liqada əsas heyətə düşmürlərsə, gedib Gürcüstan çempionatında oynayırlarsa, bu, pis deyil".

Mütəxəssis bir neçə azərbaycanlı futbolçunun Avropanın aparıcı çempionatlarında oynamaq gücündə olduğunu sözlərinə əlavə edib: "Çox futbolçunun adını çəkə bilərəm. Millinin üzvlərindən Emil Balayev Qazaxıstanın "Tobol" klubunda bir mövsümü çox rahat oynadı. Gedib Türkiyənin hansısa orta komandalarında çıxış edə bilər. Şahruddin Məhəmmədəliyev də onun kimi qapıda rahat dayanar. Müdafiəçilərimiz var ki, fiziki göstəriciləri də Avropa səviyyəsindədir. Bəhlul Mustafazadəni misal göstərə bilərik. Orta sahədə Emin Mahmudov, hücumda Mahir Emrelini deyə bilərəm. Bu gün bizim komandada Rəhim Sadıxov yaxşıdır. Görünən odur ki, Ukrayna və Rusiyanın orta səviyyəli klublarında çıxış edə bilərlər. İstedadlı gənc futbolçularımız da var. "Qarabağ"dan Elvin Cəfərquliyevi qeyd edə bilərəm. Məncə, 1-2 ildən sonra Azərbaycanın ən yaxşı futbolçusu olacaq. Onda bütün potensial və istedad var. Yaxşı futbolçularımız var. "Bizdə futbolçu yoxdur" fikri ilə razı deyiləm. Ümid edirəm ki, futbolçularımız, məşqçilərimiz yavaş-yavaş ölkə xaricinə çıxmağa başlayacaq. Bəlkə də hansısa baş məşqçi orta səviyyəli kluba keçsə və Azərbaycandan 1-2 futbolçu transfer edə bilsə, bu da təkan ola bilər".

Son xəbərlər

Orphus sistemi