Bakı. 29 yanvar. REPORT.AZ/ 2020-ci il Avropa çempionatının final mərhələsinə bilet satışına iyunun 12-də başlanacaq.
"Report"un məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytında çempionatın startına 500 gün qalmasına dair yerləşdirilmiş yazıda bildirilir. Nüfuzlu yarışın qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 68700 nəfərlik arenada oyunlar müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda keçiriləcək.
Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək üçün turnirin bir və ya iki ölkədə keçirilməsi deyil, bütün qitəni əhatə etməklə genişləndirilməsi məqsədilə 2012-ci ildə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. Həmin vaxt UEFA-nın baş katibi vəzifəsində çalışan hazırkı FIFA prezidenti Canni İnfantino bu qərarı belə şərh edib: “Bir ölkədə bir bayram əvəzinə, 2020-ci ilin yayında biz bütün Avropada bayram edəcəyik”.
2020-ci ildə Avropa Çempionatı 12 müxtəlif ölkənin 12 müxtəlif şəhərindəki 12 müxtəlif stadionda keçiriləcək. Bu 12 məkanın hər birində ən azı 3 qrup mərhələsi oyunu və 1 play-off mərhələsi oyunu təşkil olunacaq. Avro 2020-nin final oyununu Londondakı Uembli Stadionu qəbul edəcək. AVRO-2020-nin seçmə mərhələsi 2019-cu ilin martından noyabrına qədər olan müddəti əhatə edəcək və növbəti mərhələyə 20 komanda yüksələcək. Digər 4 yeri play-off oyunları 2020-ci ilin martında keçirilməsi nəzərdə tutulan Millətlər Liqasından çıxacaq komandalar tutacaq.
UEFA üzvü olan 55 ölkənin hər birinin milli komandasının seçmə mərhələdə yarışmaq hüququ var və komandalar 10 qrupa bölünüb. 5 qrupda 5 komanda və 5 qrupda 6 komanda yer alıb və hər qrupdan ən yaxşı 2 komanda növbəti mərhələyə vəsiqə qazanacaq.Qeyd edək ki, Avropa çempionatının açılış oyunu iyunun 12-də İtaliyanın paytaxtı Romadakı "Olimpico" stadionunda olacaq.