Aron Zərbailov: "ABŞ-da azərbaycanlı futbolçuları millimiz üçün yetişdirəcəyəm" - MÜSAHİBƏ

Aron Zərbailov: "ABŞ-da azərbaycanlı futbolçuları millimiz üçün yetişdirəcəyəm" - MÜSAHİBƏ "Əminliklə deyə bilərəm ki, Banişevski turniri ilə ABŞ-da Azərbaycanı futbol arenasında çoxları tanımağa başladı"
Futbol
22 May , 2021 09:42
Aron Zərbailov: ABŞ-da azərbaycanlı futbolçuları millimiz üçün yetişdirəcəyəm - MÜSAHİBƏ

Uzun illərdir ABŞ-da yaşayan ölkəmizin veteran futbolçusu Arif (Aron) Zərbailovu uzaq Amerikada çoxları yaxşı tanıyır. 1990-cı illərdə "Neftçi", "Kəpəz" və "Qarabağ" komandalarında oynamış Zərbailov hazırda Vətəndən uzaqda olsa da, okeanın o tayında Azərbaycan futbolu adına fəaliyyətini dayandırmayıb. O,bir neçə ildir Nyu-Yorkda Anatoli Banişevski adına turnirlər keçirir və eyni zamanda azərbaycanlı uşaqlardan ibarət "My Way” futbol komandasını yaradaraq, məşqiçilik fəaliyyəti ilə məşğuldur.

“Report”un yerli bürosu veteran futbolçunu Nyu-Yorkun Bruklin əyalətində futbol stadionlarından birində məşq prosesi zamanı ziyarət edib, həmsöhbət olub.

- Bir qədər keçmişə gedək. Bizə Azərbaycandakı futbolçu karyeranız haqqında danışın...

- Mən 1974 - 1994-cü illərdə - 20 ilədək Ağdamın "Qarabağ", Gəncənin "Kəpəz", Bakının və Mingəçevirin "Avtomobilçi", Şamaxının "İnşaatçı", eləcə də 1990-cı ildə "Neftçi"yə gəlməmişdən öncə Bakının "Azəri" komandasında oynamışam. Bəziləri məni Aron kimi tanısa da, əsl adım Arifdir. Düşünürəm ki, Azərbaycanda futbol azarkeşləri məni yaddan çıxarmayıblar. Çünki ən yaxşı futbolçu olmasam da, çoxlu qol vuran futbolçu kimi tanınırdım. 1994-cü ildə ABŞ-da futbol üzrə dünya çempionatı keçirilirdi. Bu ölkəyə həmin vaxt gəldim. Üç il I Liqada “Russian Hungarian American” komandasında oyandım. 1997-ci ildə futbolçu karyeramı başa vuraraq, məşqçi kimi fəaliyyətə başladım. 20 ildən çoxdur ki, ABŞ-ın Nyu-York şəhərində veteranlardan ibarət "Nefçi Nyu-York" komandasının baş məşqiçisiyəm.

- Siz həm də ABŞ-da yaşayan azərbaycanlı ailələrin uşaqlarının cəmləşdiyi futbol komandasına rəhbərlik edirsiniz və hazırda məşq prosesindəyik. Necə oldu ki, belə bir komanda yaratdınız?

- Yeddi il öncə ABŞ-da yaşayan azərbaycanlı ailələrinin övladlarını bir yerə yığaraq "My Way” komandasını yaratmışam. Bu futbol komandası "My Way” Uşaq və Yeniyetmələrin Yaradıcılığının İnkişafı Mərkəzinin nəzdindədir. Həmin mərkəzin rəhbəri Alyona Bədəlova ilə bərabər ABŞ-da yaşayan azərbaycanlı valideynlərin istəklərini nəzərə alaraq fəaliyyətə başlamışıq.

Hazırda komandamızda 4, 6, 7, 9, 12 yaşadək uşaqlar təhsil alır. Bu uşaqların hamısı ABŞ-da doğulublar. Onların bir çoxu heç vaxt Azərbaycanda olmayıb, ancaq Azərbaycan bayrağı ilə yarışlara qatılırlar. Onlar Azərbaycan futbolu və futbolçuları haqqında çox məlumatlıdırlar, Azərbaycanı çox sevirlər. Hər gün məndən soruşurlar ki, nə vaxt onları Azərbaycana yoldaşlıq oyununa aparacağam? Azərbaycandan dəvət gözləyirəm və bu uşaqları yoldaşlıq oyunları üçün Vətənimizə aparmaq istəyirəm.

"My Way” komandasında xüsusi istedadları ilə fərqlənən bir neçə şagirdim var ki, onları Azərbaycan futbolu üçün hazırlayıram. Bu komandanı yaratdığmız gündən arzum və məqsədim odur ki, gələcəkdə Azərbaycan milli komandasında oynasınlar. Mən onları yetişdirərək, Azərbaycana göndərəcəyəm. Təbii ki, onlar da qəbul etsələr, əminəm ki, həmin uşaqlar Azərbaycan millisində çox böyük uğurlara imza atacaqlar.

- Siz həm də əfsanəvi futbolçu Anatoli Banişevskinin xatirəsinə həsr olunan turnir keçirirsiniz. Bu barədə nə deyə biləriniz?

- ABŞ-da məşqçi kimi fəaliyyətə başladıqdan sonra ən böyük arzularımdan biri o idi ki, Azərbaycanın mərhum əfsanəvi futbolçusu Anatoli Banişevskinin xatirəsinə turnir keçirim. Çünki Banişevski Azərbaycan futbolunun ən dəyərli adlarından biridir və dünya onu tanımalıdır. Çox sevinirəm ki, bu arzumu gerçəkləşdirə bildim. Bu işdə mənə ABŞ-da yaşayan bakılılar çox kömək etdilər. Artıq 2014-cü ildən okeanın bu tayında, fevralın 23-də ad gününü qeyd etdiyimiz Banişevskinin xatirəsinə beynəlxalq yarışlar keçiririk. Futbol azarkeşləri bu turniri hər il səbirsizliklə gözləyirlər. Bütün iştirakçılara medallar veririk. Pandemiyaya baxmayaraq, biz bu turniri bu il də keçirdik və çox uğurlu alındı. Ötən yarışlardan birində biz Anatoli Banişevskinin həyat yoldaşı İnna xanımı da Nyu-Yorka dəvət etmişdik. O, bizim turnirdə iştirak etdi və çox sevindi.

Əminliklə deyə bilərəm ki, Banişevski turniri ilə ABŞ-da Azərbaycanı futbol arenasında çoxları tanımağa başladı. Onu da deyim ki, "Nefçi Nyu-York" komandası 7-ildə üç dəfə Banişevski turnirinin qalibi olub. Bu komandada həm də, həmyerlilərimiz, bir vaxtlar Azərbaycan yığma komandasında çıxış etmiş Elşən Qənbərov, Elmar Xeyirov, Əmir Əliyev, Polad Məmmədov kimi futbolçular oynayırlar. Onlarla tez-tez görüşür, həmsöhbət olur, müzakirələr aparırıq.

- Gələcək planlarınız nədən ibarətdir?

- İstəyirik ki, gələn il Tofiq Bəhramov adına xatirə turniri keçirək. Bəhramov çox tanınmış futbol hakimi olub. Arzum budur ki, növbəti beynəlxalq turnirimiz məhz onun adı ilə bağlı olsun.

Fürsətdən istifadə edərək, sizin vasitənizlə Azərbaycandakı bütün dostlarıma - Asim Xudiyevə, Rüstəm Rəhimova, Tofiq Mustafayevə, İsgəndər Cavadova çoxlu salamlar göndərirəm. Onlar daim bizi diqqətdə saxlayır, keçirdiyimiz yarışlara hədiyyələr, Azərbaycanı simvolizə edən suvenirlər göndərirlər. Biz isə öz növbəmizdə Vətəndən uzaqda olsaq da, Azərbaycan futbolunu yaşatmaq və tanıtmaq üçün əlimizdən gələni edirik.

Azərbaycan futbolu mənim ürəyimdir. 27 ildir burda yaşasam da, hər gün, hər saat orada nələrin baş verməsindən xəbərdaram. Elə bir neçə saat öncə "Nefçi" illər sonra Azərbaycan çempionu oldu.

Azərbaycan və Azərbaycan bayrağı mənim ürəyimdir. Hər yarışda bayraq bizimlədir. Məşqlərimizə də Azərbaycan bayrağını gətiririk.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi