"Neftçi" məğlub olsa, artıq hər şey çətin olacaq, çempionluğu əldən buraxacaq, ikinci yer uğrunda mübarizəyə qoşulacaq".
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov Premyer Liqanın XVII turunun bu gün baş tutacaq "Qarabağ" - "Neftçi" matçı barədə danışarkən deyib.
53 yaşlı mütəxəssis komandaların durumundan asılı olmayaraq, bu oyunların həmişə gərgin keçdiyini bildirib: "Bu dəfə də belə olacaq. Təbii ki, "Qarabağ"ın hazırkı durumu komandanı favorit kimi göstərir. "Neftçi" də son vaxtlar qələbələr əldə edib və bu tura qədər üçüncü piilədə idi. Şansları 60-ın 40-a dəyərləndirirəm. Amma "Neftçi"nin də qalib gəlmək ehtimalı var".
Hər iki klubun formasını geyinmiş veteran müdafiəçi paytaxt təmsilçisinin liderdən uzaqlaşmaması üçün mütləq qələbə qazanmalı olduğunu söyləyib: "Neftçi" qış fasiləsinə qədər xal ehtiyatını daha da artırmalıdır. Daha sonra transfer dönəmində zəif mövqeləri gücləndirməli və fasilədən sonra mübarizəsinə davam etməlidir".
Əsədovun fikrincə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan derbisində rotasiya etməyəcək: "Artıq avrokuboklarda da fasilə yaranıb. Fevralda yenidən başlayacaq. Komanda isə bütün fikrini çempionata yönəldəcək. Düşünürəm ki, meydana optimal heyətlə çıxacaqlar".
Məşqçi matç barədə hesab proqnozunu da açıqlayıb: "Qarabağ"ın 2:1 qalib gələcəyini və ya görüşün 1:1 hesabı ilə başa çatacağını fikirləşirəm".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 20:00-da başlayacaq. "Qarabağ" 35 xalla birinci, "Neftçi" 25 xalla beşinci sıradadır.