"AlphaTauri" Bakıda ötənilki nəticəni təkrarlamaq istəyir
- 08 iyun, 2022
- 13:41
"Bakıda yaxşı nəticəyə nail ola bilərik".
"Report"un məlumatına görə, bunu "Formula 1"də çıxış edən "AlphaTauri" komandasının pilotu Pyer Qasli Azərbaycan Qran-prisi barədə danışarkən deyib. O, qarşıdakı yarışla bağlı yaxşı hissiyyata malik olduğunu bildirib: "Tras ləng döngələrdən ibarət olduğu üçün adətən, sürətlə bağlı problemlər yaşayırıq. Fikrimcə, trek bizim maşına potensial olaraq, uyğundur. Lakin uzun düz yolu da unutmamalıyıq. Görək onun öhdəsindən necə gələcəyik. Ümumilikdə optimist əhval-ruhiyyədəyəm".
26 yaşlı pilot ötənilki Azərbaycan Qran-prisində yaxşı çıxış edərək, təsnifat mərhələsində 3-cü, əsas yarışda isə 4-cü yeri tutduğunu xatırladıb. O, komanda yoldaşı Yuki Tsunodanın da 7-ci yeri tutmaqla, xallar topladığını vurğulayıb: "Bakıya ötənilki nəticəni təkrarlamaq üçün qayıdırıq. Təsnifat mərhələsində Tsunodanın məni ötüb keçməsi komandaya yardım edə bilər. Amma unutmamalıyıq ki, söhbət Monakodakına bənzər cizgilərə malik dolama şəhər trasından gedir".
Tsunoda isə ötənilki Azərbaycan Qran-prisində qırmızı bayraqlar üzündən bir neçə mövqe itirənədək, 5-ci sırada getdiyini xatırladıb. Onun sözlərinə görə, Bakıda bəyənmədiyi sahələr yoxdur: "Xüsusən, ikinci sektor xoşuma gəlir. Orada biz tarixi tikililərin yanından keçirik. Eyni zamanda, bu trasda təkcə düz uzun yerlər yox, ötmələr üçün hissələr də var. Ümidvaram ki, biz həftə sonunu təmiz keçirəcək və xallar qazanacağıq. Komandamıza yaxşı nəticə lazımdır. Lakin bundan ötrü biz gücümüzü ortaya qoymalı, Monakoda baş verənləri təkrarlamamalıyıq".
Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək. Monako Qran-prisində Pyer Qasli 11-ci, Yuki Tsunoda 17-ci yeri tutub.