Bakı Şəhər Halqasının rəsmisi: "Martdan başlayan tikinti işləri əsasən pit və komanda binalarında davam etdirilir"
- 18 iyul, 2025
- 11:09
Mart ayından başlayan tikinti işləri əsasən pit və komanda binalarında davam etdirilir.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tikinti şöbəsinin meneceri Sübhan Manafzadə "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində media tur zamanı deyib.
O, bir sıra yeniliklər olduğunu vurğulayıb:
"Olduğumuz ərazidə tikinti hissəsinin 80 faizini tamamlamışıq. Avqustda ümumi trekin tikinti işlərinə başlamağı planlaşdırırq. Bu, əvvəlki illərlə müqayisədə 12 həftədən 6 həftəyə endirilib. Nəqliyyatın hərəkətinə maneə yaratmamaq üçün vaxtı maksimum qısaltmağa çalışmışıq. Ümumilikdə 1500-1700 aralığında fərqli sahələr üzrə insan cəlb olunub. Beton səddlərin ümumilikdə 60 faizi yeni sistemlə əvəz olunub. Bu bizə imkan verəcək ki, trekin tikintisini ötənilkindən daha tez başa çatdıraq".
Sübhan Manafzadə bildirib ki, ötən illə müqayisədə 18 min nəfərlik tamaşaçı tribunaları 20 min nəfərə çatdırılıb:
"Bu il paddok daxilində iki yeni bina tikiləcək. Biri idarə heyətinin binasıdır. Digəri "Formula 1"in öz məhsuludur. Ötən illə müqayisədə 18 min nəfərlik tribunaların tutumu bu il 20 min nəfərə çatdırılıb. Eyni zamanda iki yeni tribuna əlavə olunub".
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.