Azərbaycan cüdoçusu Qran Pridə qızıl medal qazanma səbəbini açıqlayıb

Azərbaycan cüdoçusu Qran Pridə qızıl medal qazanma səbəbini açıqlayıb "Ən çətin rəqibim 1/4 finalda qazaxıstanlı dünya və Asiya çempionu, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Yeldos Smetov oldu"
Fərdi
18 İyul , 2022 16:04
Azərbaycan cüdoçusu Qran Pridə qızıl medal qazanma səbəbini açıqlayıb

"Fevralda İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş Böyük Dəbilqədə finalda uduzmuşdum. Xorvatiyanın paytaxtı Zaqrebdə Qran Prinin qalibi olmaqla, böyüklər arasında nüfuzlu yarışlarda ən yüksək əyarlı ilk medalımı qazandım".

Bunu "Report"a açıqlamasında Zaqreb Qran Prisində 66 kq çəki dərəcəsində qızıl medal əldə etmiş Azərbaycan cüdoçusu Yaşar Nəcəfov deyib.

23 yaşlı idmançı keçirdiyi görüşlər barədə fikirlərini bildirib: "Bu yarışdan əvvəl bir həftə Xorvatiyanın Poreç şəhərində milli komandanın təlim-məşq toplanışında ağır hazırlıq prosesi keçmişdik. Ancaq yarışda qalib gəlməyimin əsas səbəbi turnirə yaxşı köklənməyim idi. Özümə inamım yüksək idi, hər bir görüşə qələbə üçün çıxırdım, yorulmurdum. Yeni baş məşqçimiz Riçard Trautman da başa salırdı ki, rəqiblərlə necə mübarizə aparmaq lazımdır. Onun planına əsasən də qalib gəlirdim. Ən çətin rəqibim 1/4 finalda qazaxıstanlı dünya və Asiya çempionu, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Yeldos Smetov oldu".

Nəcəfov 66 kq çəkidə təcrübəli cüdoçu Orxan Səfərovla rəqabətindən də danışıb. O, avqustda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında və oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunacaq dünya çempionatına kimin yollanacağından məlumatsız olduğunu söyləyib: "Bu çəkidə İbrahim Əliyev də var, güclü rəqabət mövcuddur. Hələ bizə bir həftəlik istirahət verilib. Dünya çempionatına qədər Böyük Dəbilqə və Qran Pri turnirləri yoxdur".

O, Beynəlxalq Cüdo Federasiyasına verdiyi müsahibədə ingilis dilində danışmasına da aydınlıq gətirib:

"Məktəb vaxtından ingilis dilini öyrənmişəm. Orta səviyyədən bir az aşağı bilirəm. Bu da əcnəbi idmançılarla ünsiyyət qururuq deyə, qalıb".

Son xəbərlər

Orphus sistemi