Vüqar Həşimovun xatirə turniri onlayn keçirilə bilər

Vüqar Həşimovun xatirə turniri onlayn keçirilə bilər Mahir Məmmədov: "Onlayn yarışlarda ədalətlilik və şahmat təmizliyini görmürlər. Nə mənada görmürlər? Çünki onlayn turnirlərdə şahmat fırıldaqçılıqlarından istifadə ehtimalları kəskin artmaqdadır"
Fərdi
326
11 Yanvar , 2021 12:25
Vüqar Həşimovun xatirə turniri onlayn keçirilə bilər

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə planlaşdırılan builki şahmat üzrə ənənəvi "ShamkirChess" turniri onlayn formatda təşkil edilə bilər.

Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, yarışın taleyinə hələ aydınlıq gəlməyib: "Dünyada koronavirusla mübarizənin aqibətinin necə olacağını bilsəydim, ən xoşbəxt insanlardan biri olardım. Bunu heç kim bilmir. Biz ümidliyik ki, bu il pandemiya planetimizdən əlini çəkəcək. Vaksinlərin bir-birinin ardınca hazır olması və istifadəsi ilə əlaqədar xəstəlik yay ayları üçün gərginlik daşımayacaq. Bu dəqiqə yarışla bağlı nə isə deyə bilmirik. Şahmatla yanaşı, idmanın digər növlərində də çətinliklər var".

Məmmədov "ShamkirChess"in onlayn formatda keçirilmə ehtimalının olduğunu da diqqətə çatdırıb: "Belə bir ehtimal var, onu müzakirə edəcəyik. Şahmatçıların bir hissəsi onlayn turnirlərə biganə münasibət bəsləyirlər. Onlayn yarışlarda ədalətlilik və şahmat təmizliyini görmürlər. Nə mənada görmürlər? Çünki onlayn turnirlərdə şahmat fırıldaqçılıqlarından istifadə ehtimalları kəskin artmaqdadır. Bununla belə, elitar şahmatçıların reputasiyaları tamamilə təmizdir. Bunu təsdiqləmək və bir daha izləmək üçün oyun vaxtı müəyyən texniki vasitələrdən istifadə olunur. Yəni, şahmatçıların ürəklərində heç fikir, xal qalmasın ki, rəqib bu və ya digər fırıldaqçılığa əl ata bilər".

Federasiya rəsmisi "ShamkirChess" turniri ilə bağlı qərarı fevraldan sonra verəcəklərini diqqətə çatdırıb: "Gözləyirik görək fevralın sonunda ölkədə vəziyyət necə olacaq. Qərarı ondan sonra qəbul edəcəyik. Vüqar Həşimovun xatirə turniri əvvəllər aprel və ya may aylarına təsadüf edib. Yarış ölkəmizdə 6 dəfə təşkil edilib, onlardan son 2-nin sponsoru SOCAR olub. Gənclər və İdman Nazirliyi ilə məsləhətləşmələrdən sonra münasib qərar veriləcək".

Qeyd edək ki, "ShamkirChess" 2014-cü ildən keçirilməyə başlayıb. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə (2016, 2017) turnirin qalibi olub. 2020-ci ildəki yarış koronavirus səbəbindən baş tutmayıb.

Vüqar Həşimov uzun sürən ağır xəstəlikdən sonra 11 yanvar 2014-cü ildə vəfat edib.

Son xəbərlər

Orphus sistemi