Üzgüçülük üzrə “Parlaq Ulduz” Uşaq Liqasının 2-ci mərhələsi keçirilib.
Federasiyadan “Report”a verilən məlumata görə, Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə "Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunan turnirdə 13 komandada 150-dən çox kiçikyaşlı uşaqlar mübarizə aparıblar.
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibinin müavini Tamerlan Abdullazadə yarışın keçirilməsində əsas məqsədin azyaşlı idmançılar arasında perspektivli üzgüçülərin üzə çıxarılması və onların məşqçilərin nəzarəti altında hazırlıq keçərək milli komandanın ehtiyat komandasına cəlb edilmələri olduğunu bildirib.
Qeyd edək ki, “Parlaq Ulduz” Uşaq Liqasının sonuncu - final mərhələsi mayda Bakı Su İdman Sarayında təşkil olunacaq.