Rüstəm Orucov: “Arzum hər hansı bir vəzifədə Azərbaycan cüdosuna xidmət etməkdir” – MÜSAHİBƏ

Rüstəm Orucov: “Arzum hər hansı bir vəzifədə Azərbaycan cüdosuna xidmət etməkdir” – MÜSAHİBƏ Azərbaycanın sabiq cüdoçusu Rüstəm Orucov Latviyanın paytaxtı Riqada keçirilən veteranlar arasında Avropa Kubokunda idman komissarı kimi fəaliyyət göstərib.
Fərdi
27 Fevral , 2024 13:56
Rüstəm Orucov: “Arzum hər hansı bir vəzifədə Azərbaycan cüdosuna xidmət etməkdir” – MÜSAHİBƏ

Azərbaycan cüdo millisinin sabiq üzvü Rüstəm Orucov Latviyanın paytaxtı Riqada keçirilən veteranlar arasında Avropa Kubokunda idman komissarı kimi fəaliyyət göstərib.

2023-cü ildə idmançı karyerasını başa vuran olimpiya mükafatçısı ilk dəfə fərqli vəzifədə mötəbər yarışda iştirak edib.

32 yaşlı Avropa çempionu “Report”a müsahibəsində həm yarışla bağlı fikirlərini bölüşüb, həm də gələcək hədəflərini açıqlayıb.

- Avropa Cüdo Birliyinin bayrağı altında keçirilən veteranlar arasında Avropa Kubokunda ilk dəfə idman komissarı kimi fəaliyyət göstərdiniz. Yeni sahədə ilk işinizi necə qiymətləndirirsiniz?
- Çox gözəl hisslərdir. Bunu ilk rəsmi işim adlandırmaq da olar. Yaxşı mübarizə oldu, veteranlar həvəslə çıxış edirdilər. Düzdür, bir qədər fərqli iş planlaşdırırdım. Ancaq Avropa Cüdo Birliyinin idman komissarı kimi çalışmaqla bağlı təklifi məni sevindirdi. Çox gözəl, mehriban kollektivimiz var. Hər kəs bir-birinə kömək etməyə çalışır.

- Azərbaycanın veteran cüdoçuları Avropa Kubokunda 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazandılar. İdmançılarımızın çıxışları sizdə necə təəssürat yaratdı?
- Veteranlarımız çox yaxşı çıxış etdilər. Demək olar ki, hamısı medal qazandı. Ümumiyyətlə, veteran olsalar da, çox fəal idilər. Nəticələr də sevindirici oldu.

- Görüşlərə baxanda özünüz tatamiyə çıxmaq həvəsinə düşmürdünüz?
- Həqiqətən də, adam istər-istəməz həvəsə gəlirdi. Öz-özümə deyirdim ki, nə güləşərəm (gülür). Ancaq veteran cüdoçu kimi də qayıtmaq fikrim yoxdur. Əsas odur ki, yenə bu idman növünün içindəyəm.

- Əksər idmançılar karyeralarını bitirdikdən sonra məşqçiliyə başlayırlar. Sizin idarəçiliyə həvəs göstərməyiniz nə ilə bağlıdır?
- Açığı, məşqçiliyə marağım olmayıb. Mən Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını oxumuşam. Bu üzdən cüdoya fərqli sahədə xidmət etmək istəyirəm.

- Gələcəklə bağlı məqsədiniz nədir? Məsələn, Azərbaycan Cüdo Federasiyasında və ya Avropa Cüdo Birliyində rəhbər vəzifələrdən birini tutmaq kimi hədəfiniz var?
- Sırf rəhbər vəzifə deyə bilmərəm. Cüdoçu karyeramı bitirdikdən sonra ilk təklif Avropa Cüdo Birliyindən gəldi, mən də qəbul etdim. Ancaq idman komissarlığına hobbi kimi yanaşıram. İldə 4-5 yarışa yollanırsan. Əsas arzum hər hansı bir vəzifədə Azərbaycan cüdosuna xidmət etməkdir. İdman komissarlığını da hobbi kimi davam etdirərəm.

Son xəbərlər

Orphus sistemi