Qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatının açılış mərasimi baş tutub
- 06 dekabr, 2025
- 16:28
Qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatının açılış mərasimi baş tutub.
"Report" xəbər verir ki, Bakı İdman Sarayında keçirilən tədbirdə Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Cüdo Federasiyasının rəhbərləri, idmançılar və digər qonaqlar iştirak ediblər.
Azərbaycan himni səsləndiriləndən sonra Vətən müharibəsində canından keçən şəhidlər yad edilib.
Gənclər və İdman naziri Fərid Qayıbov çıxışında Azərbaycan cüdoçularının beynəlxalq yarışlarda uğurlarından bəhs edib. O, növbəti illərdə də idmançıların uğurlarına inandığını, yeni cüdoçular nəslinin yetişəcəyinə ümid etdiyini bildirib.
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu isə çıxışında komandaların yarışlarda uğurlu çıxış etdiyini bildirib. Gənclər və İdman Nazirliyinin də dəstəyi ilə Azərbaycanda yeni cüdo zallarının fəaliyyətə başladığını vurğulayıb. Qurum rəsmisi dəstək verənlərə təşəkkürünü bildirib və yarış iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra Azərbaycan cüdoçularının bu il qazandığı uğurlu nəticələrlə bağlı videoçarx nümayiş olunub. Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, Azərbaycan çempionatına dekabrın 7-də yekun vurulacaq.