Bakı. 21 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi və bayraqdarı Patrik Braxnerin “Report”a müsahibəsi
- Fevralın 22-də olimpiadada mübarizəyə başlayacaqsınız. Slalom növündə çıxış edəcəyiniz yarış yaxınlaşdıqca həyəcan keçirirsinizmi?
- Bu idman növündə soyuqqanlı olmaq lazımdır. Çünki çox istəkli və sürətli gedən zaman qəza riskləri də artır. Burada robot kimi işləməlisən. Slalomda qışqıra-qışqıra getmirlər, düşünülmüş plan, hesablama olmalıdır. Maksimum dərəcədə yaxşı nəticə göstərmək üçün əlimdən gələni edəcəyəm.
- Təxminən neçənci yeri tutacağınıza ümid edirsiniz?
- Heç bir versiyam yoxdur. Yarışda start reytinqdən asılıdır. Buna uyğun püşk atılacaq. Mübarizəyə təxminən 60 – 65-ci sırada başlayacağam.
- Fevralın 18-də dağ xizəyinin böyük slalom yarışlarında iştirak etməyiniz daha yaxşı olmazdımı?
- Nəticələri görmüşəm. Məşqdəki göstəricimə əsasən deyə bilərəm ki, təxminən 40 – 45-ci yeri tuta bilərdim. Lakin bu, bir ehtimaldır. Dəqiq bilmək olmaz. Çünki böyük slalomda gözlənilməz hadisələr, qəzalar baş verir.
- Avstriya mətbuatına müsahibənizdə Pxençxanda Azərbaycanı təmsil etmək üçün karyeranızı bərpa etdiyinizi söyləmisiniz. Ümumiyyətlə, ikinci dəfə Qış Olimpiya Oyunlarına yollanmağınız necə gerçəkləşdi?
- Öncə bildirim ki, Avstriya mətbuatından heç kim mənimlə əlaqə saxlamayıb. Yazılanlar mənim fikirlərim deyil. Bəli, karyeramı bitirmək məsələsi vardı. Lakin lisenziyası olan və olimpiadada iştirak edə biləcək yeganə idmançı idim. Ona görə də buradayam. Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil etdiyim üçün fəxr edir, qürur duyuram. Dağ xizəyinin slalom növü ilə məşğul olmaqdan ötrü mənə təkan lazım idi və olimpiada bu baxımdan çox yaxşı oldu. Başa düşdüm ki, bu növlə məşğul olmaq və Azərbaycan bayrağı altında yarışlara qatılmaq istəyirəm.
- İdmandan savayı Azərbaycanla hansısa bağlılığınız var?
- Bəli, orada dostlarımız yaşayır. İmkan düşdükcə, onların yanına gəlirəm. Hətta valideynlərim də bir neçə dəfə Bakıda olublar.
- Növbəti Qış Olimpiya Oyunlarında da Azərbaycanı təmsil etməyi planlaşdırırsınızmı?
- Mümkündür, lakin hələ o vaxta çox var. Əsas fikrimi indiki yarışa yönəltmişəm.
- Azərbaycanda qış idman növləri ilə məşğul olanların sayı çox azdır. Yarışlarda çıxış etməklə yanaşı, gələcəkdə azərbaycanlı gənclərə məşq keçə bilərsinizmi?
- Təəssüf ki, bu barədə də indi dəqiq bir söz deyə bilməyəcəyəm. Necə olacağını zaman göstərəcək.