Ölkəmi yüksək səviyyədə təmsil etməyə çalışdım.
Bunu "Report"a açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycanın güləş hakimi Asif Şirəliyev deyib.
Referi ardıcıl ikinci dəfə olimpiadada ölkəmizi təmsil etdiyini xatırladıb:
"Təəssüratlarım çox yaxşıdır. Tokiodakı turnirə nisbətən daha təcrübəli idim. Özümə də inanırdım. Çünki artıq bir dəfə bu prosesi keçmişəm. 2021-ci ildən sonra qarşıma məqsəd qoydum ki, növbəti olimpiadaya da qatılacağam. Belə də oldu. Siz də ekranlardan izlədiniz. Yay Olimpiya Oyunlarında qızıl medal uğrunda iki görüşü idarə etmək idmanımızın uğurudur. Bu, bütün dünya xalqlarının birləşdiyi möhtəşəm yarışdır. Ən güclü idmançılar, məşqçilər və hakimlər Paris-2024-də çıxış edirlər. İşimin öhdəsindən yüksək səviyyədə gəldiyimi düşünürəm".
Asif Şirəliyev hələlik hakimlikdən uzaqlaşmaq fikrinin olmadığını vurğulayıb:
"Dünya Güləş Birliyində (UWW) sistem qurulub. Artıq ən yaxşı referilər yarışlara dəvət alırlar. UWW hakimlərlə bağlı bütün qeydləri aparır. Davranışlara, idarəçiliyə və sair önəm verirlər. UWW-ni qane edirəmsə, niyə də hakimliyə davam etməyim? Bu, illərin zəhmətidir, sənin şəxsi uğurundur. Bu peşədən asanlıqla getmək doğru olmaz. 2028-ci ildə baş tutacaq yarışda da ölkəmizi təmsil etmək niyyətindəyəm".
Ədalət təmsilçisi Azərbaycan güləşçilərinin çıxışına da toxunub:
"Mən də istəyərdim güləşçilərimiz final görüşlərində iştirak etsinlər, qızıl medal qazansınlar. Buna da layiq idilər. Olimpiadaya hamı ciddi hazırlaşır. Bu nəticələri ancaq psixologiya ilə əlaqələndirə bilərəm. Başqa hansısa çatışmazlıq görmədim. Çünki fiziki hazırlıqları, nəfəsləri, dözümlülükləri qaydasında idi. Sadəcə, psixoloji cəhətdən də hazırlıqlı olmaq lazımdır. Çünki olimpiadada hər görüş "qızıl"a bərabərdir. İdmançılarımız finalın bir addımlığında çox şeyi əldən verdilər. İdarəyə edəcəyim görüşdən əvvəl təmsilçimiz məğlub olanda mənə də təsir edirdi. Amma özümü toparlamağa çalışırdım. Onların uğuru mənim də uğurumdur".
O, son olaraq hindistanlı qadın güləşçi Vineş Phoqatın (50 kq) artıq çəkiyə görə diskvalifikasiya edilməsindən danışıb:
"Hakimlər də çəki prosesində iştirak edirlər. O idmançı çəkini təhvil verə bilməyəndə mən də orada idim. Artıq çəkiyə görə yarışa buraxılması doğru olmazdı. İdmançı buna görə məyus oldu. Olimpiadada finala çıxmaq böyük nailiyyətdir. Amma çəkiyə görə yarışı medalsız başa vurdu. Həmin vaxt hindistanlı güləşçiyə acıdım. Qaydalar, qanunlar yazılıb. Onları yerinə yetirməliyik. Bu, onun məşqçilərinin günahıdır. İdmançıya daim nəzarət olmalıdır".