Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycan daha bir medal əldə edib.
“Report” xəbər verir ki, sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda yarışda qələbə qazanmaqla Azərbaycanın aktivinə növbəti mükafatı əlavə edib.
Bu gün mübarizəyə başlayan Maqomedxan Maqomedov (97 kq) yarımfinalda məğlub olub. Təmsilçimiz sabah bürünc medal qazanmaq şansından maksimum yararlanmağa çalışacaq.
Qızıl medal qazanacağına böyük ümidlər bəslənilən Hacı Əliyev isə Paris olimpiadasını mükafatsız başa vurub. 1/4 finalda uduzduğu rəqib finala vəsiqə qazana bilmədiyindən güləşçimiz Fransadan əliboş dönməli olub.
Bu gün Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası da səhnəyə çıxıb. Ən güclü “8-lik” arasında yer alan millimiz 66.450 xalla 5-ci pilləni tutub. Bu da Azərbaycanın indiyəqədərki ən yüksək nəticəsi kimi tarixə düşüb. Daha əvvəl bədii gimnastika komandamız Pekin-2008-də 7-ci, Tokio-2020-də isə 10-cu yeri tutmuşdu.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) isə bürünc medala sahib çıxıb.