Norveçli xizəkçi Astrid Slind “Janteloppet” yarışında qadınlara verilən pul mükafatının azaldılmasına etiraz olaraq formasını yandırıb.
“Report”un “SVT Sport”a istinadən məlumatına görə, yarışın mükafat fondu ilkin olaraq 1 milyon Norveç kronu (82 000 avro) müəyyən edilib.
Həmçinin kişi və qadınlar arasında yarışların qalibləri üçün ödənişlərin hər birinin eyni - 200 000 kron (16 000 avro) olacağı bildirilib.
Lakin yarış başlamazdan əvvəl təşkilatçılar iştirakçıların sayının az olması səbəbindən qadınlara veriləcək pul mükafatlarının üç dəfədən çox azaldıldığını, 60 min krona endirildiyini açıqlayıb.
A.Slind buna etiraz olaraq formasını yandırıb və bu anları sosial şəbəkələrdə paylaşıb.
Qeyd edək ki, "Jantelopped" ikiqat olimpiya çempionu və 13 qat dünya çempionu Petter Nortuq tərəfindən təsis olunub.