İlkin Qurbanov: "Əsas hədəfim bürünc medalı qızılla əvəzləməkdir"

Fərdi
  • 15 mart, 2026
  • 14:19
İlkin Qurbanov: Əsas hədəfim bürünc medalı qızılla əvəzləməkdir

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatında bürünc medal qazanan İlkin Qurbanov 63 kq çəki dərəcəsində ilk beynəlxalq yarışını keçirib.

Bu barədə idmançı "Report"a açıqlamasında bildirib.

O, yeni çəki dərəcəsində debüt etməsinə baxmayaraq, nəticədən razı qaldığını qeyd edib:

"Şükür Allaha ki, Vətənə medalsız qayıtmırıq. Hər bir idmançı kimi bura qızıl medal üçün gəlmişdik, amma qismət belə oldu. Məşqçilərin mənə verdiyi şansı az da olsa, doğrultdum. Bu, 63 kq çəkidə ilk mötəbər yarışım idi. Əvvəllər 60 kq-da güləşirdim. Buna baxmayaraq, bürünc medal qazanmağı bacardım. Dəstəyə görə Azərbaycan Güləş Federasiyasına, şəxsi məşqçimə, həmçinin MOİK klubuna və ailəmə təşəkkür edirəm".

İlkin Qurbanov bürünc medal uğrunda keçirdiyi çətin görüşdən və rəqibindən söz açıb:

"Ən çətin görüşüm elə bürünc medal uğrunda gürcü rəqibimə qarşı oldu. O, əslində 67 kq çəkidə yarışan idmançıdır və bura gəlmək üçün çox çəki salmışdı. Məşqçilərim mənə tapşırdı ki, rəqib həddindən artıq çəki saldığı üçün onu temp və fəal güləşlə yormaq lazımdır. Mən də tapşırığa əməl etdim, rəqibi yordum və qalib gəldim".

Güləşçi növbəti əsas hədəfinin dünya çempionluğu olduğunu vurğulayıb:

"Hazırlıq üçün hər bir şəraitimiz var idi, Göygöldə və Bakıda yüksək səviyyəli təlim-məşq toplanışları keçmişdik. İndi qarşıda zamanımız var. Əsas hədəfim bu bürünc medalı oktyabrda keçiriləcək U-23 dünya çempionatında qızılla əvəzləməkdir. Hər bir idmançı kimi, mənim də ən böyük arzum Avropa, dünya və olimpiya çempionu olmaqdır".

Qeyd edək ki, İ.Qurbanov bürünc medal uğrunda görüşdə gürcüstanlı Rati Kozrevanidzeni 8:3 hesabı ilə məğlub edib.