Qarşıda böyük planlarımız var. Onların reallaşması üzərində işləyirik.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında üç qızıl medal qazanan Dadaş Dadaşbəylinin çıxışı barədə danışarkən deyib.
“Ölkəmiz üçün qazanılan hər bir uğur dövlətimizin uğurudur, idmana və idmançılarımıza göstərilən diqqət və qayğı nəticəsində qazanılır. Dadaş Dadaşbəylinin Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatındakı uğuru hamını sevindirir. O cümlədən federasiya rəhbərliyi olaraq bizi. Bu nailiyyət 12 ildən sonra yenidən təkrarlandı. Böyük nəticədir, böyük uğurdur. Ancaq bununla arxayınlaşmaq olmaz. Federasiya rəhbərliyi olaraq hədəflərimiz böyükdür”, - Firdovsi Umudov vurğulayıb.
“İnanıram ki, bundan sonra da nəticələrimiz daha uğurlu olacaq. Böyük hədəflərə doğru addımlayırıq. Gələcəkdə böyük nəticələr, uğurlar üçün əlimizdən gələni əsirgəməyəcəyik. Ən böyük məqsədlərdən biri də 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq və ölkəmizi layiqincə təmsil etməkdir. İnşallah, ölkəmizi, xalqımızı, ağırlıqqaldırma ailəsini sevindirəcəyik”, - o qeyd edib.