İnanırıq ki, Yaylagül Ramazanovaya baxan gənc qız və oğlanlarımız da kamandan oxatma yarışlarına maraq göstərəcəklər.
"Report" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
Avropa Oyunları Parkında start götürən kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı barədə danışan nazir yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib:
"Bu gün Azərbaycan birinciliyi və çempionatı start götürür. Hər bir iştirakçıya uğurlar arzu edirəm. Ümid edirik ki, yaxın vaxtlarda ölkəmizdə bu idman növünə aid beynəlxalq yarışlar da keçiriləcək. İlk növbədə idmançılarımızın sayı artmalıdır. Bildiyiniz kimi, Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kamandan oxatma yarışında təmsil olunmuşduq. Sevindirici haldır ki, Azərbaycanın öz yetirməsi olan Yaylagül Ramazanova olimpiadada ölkəmizi adına çıxış etdi. Biz inanırıq ki, Yaylagül xanıma baxan gənc qız və oğlanlarımız da kamandan oxatma yarışlarında qüvvələrini sınamaq istəyəcəklər".
Qeyd edək ki, Azərbaycan birinciliyi və çempionatına avqustun 25-də yekun vurulacaq.