İyulun 24-də UNESCO-nun təşkilatçılığı ilə Fransanın paytaxtı Paris şəhərində idman nazirlərinin "Change the Games" beynəlxalq forumu keçirilib.
"Report" Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Paris-2024 Yay Olimpya Oyunları ərəfəsində baş tutan Forumda proqram üzrə müxtəlif məsələlər müzakirə olunub.
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov forumda çıxış edib, panel iclaslarında müzakirələrə qatılıb. Nazir Azərbaycanın UNESCO və müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq məsələləri, həyata keçirilən layihələr barədə məlumat verib.
F.Qayıbov Forum çərçivəsində UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini, Çilinin idman naziri, Anqolanın gənclər və idman naziri, Madaqaskarın nəqliyyat və meteorologiya naziri, Tanzaniyanın Nazirlər Kabinetinin ədliyyə və konstitusiya işləri naziri, Cənubi Afrikanın idman, incəsənət və mədəniyyət naziri, Samoanın idman və istirahət naziri və Kosta-Rikanın idman naziri ilə ikitərəfli görüşlər keçirib.
UNESCO-nun ofisində həmçinin Azərbaycan və Qambiya arasında gənclər və idman sahələrində əməkdaşlıq memorandumu imzalanıb.