Cavanşir Qurbanovun 75 illik yubileyinə həsr olunmuş güləş turnirinin açılış mərasimi keçirilib

Cavanşir Qurbanovun 75 illik yubileyinə həsr olunmuş güləş turnirinin açılış mərasimi keçirilib “Əməkdar bədən tərbiyəsi və idman xadimi” Cavanşir Qurbanovun 75 illik yubileyinə həsr olunmuş 15 yaşadək yeniyetmələr arasında sərbəst güləş üzrə Bakı şəhər turnirinin açılış mərasimi keçirilib.
Fərdi
6 Dekabr , 2022 17:43
Cavanşir Qurbanovun 75 illik yubileyinə həsr olunmuş güləş turnirinin açılış mərasimi keçirilib

“Əməkdar bədən tərbiyəsi və idman xadimi” Cavanşir Qurbanovun 75 illik yubileyinə həsr olunmuş 15 yaşadək yeniyetmələr arasında sərbəst güləş üzrə Bakı şəhər turnirinin açılış mərasimi keçirilib.

“Report”un məlumatına görə, Azərbaycan Texniki Universitetinin idman zalında gerçəkləşən tədbirdə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, həmçinin şəhid ailələri iştirak ediblər.

İlk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxış edərək Cavanşir Qurbanovun həyatını güləşə həsr etdiyini bildirib. Nazirlik rəsmisi onun ölkə güləşinin inkişafında önəmli rol oynadığını vurğulayıb: “Cavanşir müəllim bölgələrimizə gedərək yeni istedadlı güləşçiləri seçir. O, hələ də Azərbaycan idmanına öz töhfəsini verməkdədir. Biz ondan çox şey öyrənirik”.

MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev tədbir iştirakçılarını salamlayıb: “Şəhid analarının qarşısında baş əyirəm. Cavanşir müəllim Azərbaycan idmanının görkəmli şəxsiyyətlərindən biridir. O, ölkəmizdə güləş idman növünün bünövrəsini qoyan şəxslərdəndir”.

Daha sonra MOK rəsmisi qurumun adından xatirə hədiyyəsini təqdim edib.

MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev güləşə Cavanşir Qurbanovun rəhbərliyi altında başladığını xatırladıb: “Cavanşir müəllim Avropa və dünya çempionu olmağımda önəmli rol oynayıb. Allah bizə onun 100 yaşını görməyi nəsib etsin”.

Cavanşir Qurbanov jurnalistlərə açıqlamasında tədbirin təşkilatçılarına təşəkkür edib.

O, bu yarış üçün Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə, həmçinin Azərbaycan Güləş Federasiyasına minnətdarlığını bildirib: “Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Şəhidlərimiz bizə bu əmin-amanlığı bəxş ediblər. Həmişə onları yad etməliyik”.

Ardınca açılış mərasimi bədii hissə ilə davam edib. Tədbirdən sonra final qarşılaşmaları başlayacaq.

Qeyd edək ki, turnirdə paytaxtın müxtəlif idman cəmiyyətlərini və klublarını təmsil edən sərbəst güləşçilər 38 kq, 44 kq, 52 kq, 62 kq və 75 kq çəki dərəcələrində qüvvələrini sınayırlar.

Son xəbərlər

Orphus sistemi