İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqənin ikinci yarış günündə Azərbaycanın bir təmsilçisi tatami üzərinə çıxacaq.
"Report"un məlumatına görə, bu, 73 kq çəki dərəcəsində yer alan Hidayət Heydərovdur. 25 yaşlı idmançı mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. O, Daniyar Şamşayev (Qazaxıstan) - Oron Giner (İsrail) cütünün qalibi ilə görüşəcək.
73 kq çəkidəki digər cüdoçu Rüstəm Orucov, eləcə də 81 kq-da Elcan Hacıyev və Murad Fətiyev, koronavirus testləri müsbət nəticə verdiyindən, yarışa buraxılmayıblar.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan təmsilçilərindən 66 kq-da Yaşar Nəcəfov gümüş medal qazanıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.