Onu Azərbaycana gətirməkdə əsas məqsədimiz yığmanın uğurlarını və hazırlıq səviyyəsini daha da yüksəltməkdir.
Bunu "Report"a açıqlamasında Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov özbəkistanlı Ravşan Xocayevin millinin baş məşqçisi təyin olunması ilə bağlı danışarkən deyib.
Federasiya rəsmisi R.Xocayevin dünyanın ən təcrübəli mütəxəssislərindən hesab olunduğunu bildirib:
"Özbəkistan son Yay Olimpiya Oyunlarında böyük uğurlara imza atıb. Parisdə kişilərdən ibarət komandanın mümkün 7 qızıl medaldan beşini qazanması yeni olimpiya rekordu idi. Bütün bu səbəbləri, göstəriciləri nəzərə alaraq, Azərbaycan Boks Federasiyası Ravşan Xocayevi milli komandanın baş məşqçisi təyin edib".
N.Səfərov növbəti olimpiadada hədəflərinin qızıl medal əldə etmək olduğunu vurğulayıb:
"Düşünürəm ki, uzun illərdir gözlədiyimiz, arzuladığımız olimpiya çempionluğu 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarında reallaşacaq. Federasiya olaraq Ravşan Xocayevə bu yöndə şərait yaradılıb və lazımi dəstək verilir. Qalıb uğurlu nəticələr əldə etmək. Ümidimiz və inamımız böyükdür. Düşünürük ki, olimpiya qızılına da nail olacağıq".