Azərbaycanlı dünya çempionu peşəkar boksa keçmək istəyir

Azərbaycanlı dünya çempionu peşəkar boksa keçmək istəyir Azərbaycan boksçusu Cavid Çələbiyevin karyerasını bitirmək istədiyi vaxt bəlli olub.
Fərdi
10 Avqust , 2021 19:04
Azərbaycanlı dünya çempionu peşəkar boksa keçmək istəyir

Azərbaycan boksçusu Cavid Çələbiyevin karyerasını bitirmək istədiyi vaxt bəlli olub.

Bu barədə "Report"a 29 yaşlı idmançı açıqlamasında məlumat verib.

63 kq çəki dərəcəsində çıxış edən idmançı 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında sonra həvəskar boksla vidalaşmaq istədiyini bildirib."Növbəti olimpiadaya 3 il qalıb. Elə yaşda deyiləm ki, indi idmandan gedim. Hazırda 30-35 yaşlı idmançılar var ki, həvəskar boksda iştirak edirlər. Mən də bu gücü özümdə hiss edirəm. Hər idmançının arzusu var. Mənim də ən böyük arzum olimpiada medalı qazanmaqdır. Tokioda qismət olmadı. Necə lazımdırsa məşq edib hazırlaşacağam və 2024-cü ildə Paris olimpiadasında döyüşəcəyəm. İnanıram ki, həmin vaxt medal qazana biləcəyəm. Parisdəki yarışdan sonra yəqin ki, həvəskar boksu başa vuracağam".

Dünya çempionu 2024-cü ildən sonra peşəkar boks haqqında fikirləşə biləcəyini sözlərinə əlavə edib: "Əgər sağlamlıq yol versə və vəziyyətim yaxşı olsa, peşəkar boksa keçə bilərəm. Amma indidən nəsə demək düzgün olmaz".

Qeyd edək ki, Cavid Çələbiyev 2013-cü ildə Qazaxıstanın Almatı şəhərində dünya çempionu olub. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında Ermənistan təmsilçisi Ovanes Baçkovla keçirdiyi 1/8 final görüşündə məğlubiyyətlə üzləşib.

Son xəbərlər

Orphus sistemi